» » Botulizmin yaranması, əlamətləri və ondan qorunmağın üsulları

Botulizmin yaranması, əlamətləri və ondan qorunmağın üsulları


#MARAQLI

Botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Əsasən uzunsov və onurğa beyninin botulotoksinlə zədələnməsi ilə xarakterizə olunur. Xəstəliyin adı botulos - kolbasa sözündən götürülüb. Botulizm düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.
ucarliyiq.biz bildirir ki, xəstəlik barədə məlumat verən Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-ın müxbirinə deyib: "Həzm traktına düşmüş botuloksin fermentlərin təsirindən parçalanmır, mədə və bağırsaq traktından sorulur, hematogen yolla bütün orqanizmə yayılır. Botuloksin sinir sisteminin xolinergik şöbəsini zədələyir. Qırtlaq, udlaq, tənəffüs əzələlərinin iflici, udma və tənəffüsün pozulmasına səbəb olur. Botulizmin törədicisi torpaqda yaşayır və oradan qida məhsullarına, meyvə və tərəvəzlərə keçir. Botuloksin çox təhlükəli bakterial zəhərdir. Onun törədiciləri su və qida ilə otyeyən heyvanlara, balıq və digər soyuqqanlılara keçir. Mikroblar heyvanların bağırsağında çoxalır və ifrazat zamanı xaric olunur. Həmin heyvanların məhsulları ilə qidalananda mikroblara yoluxma baş verir. Botulizm əsasən evdə konservləşdirilmiş məhsullarla qidalanma zamanı yaranır. Qrup şəklində zəhərlənmə əsasən yay və payız aylarına təsadüf edir".
Həkim-infeksionist botulizmin əlamətləri barədə danışarkən söyləyib: "Xəstəliyin inkubasiya dövrü orqanizmə daxil olan toksinin miqdarından çox asılıdır. Bu, iki saatdan on günə qədər davam edə bilər. Xəstəlik qəfildən başlayır və qarında ağrılar, mədə nahiyəsində ağırlıq hissi və mədə bulanmasından şikayətlərlə özünü büruzə verir. Bədənin temperaturu bəzən normal olsa da, bəzən yüksəlir. Xəstələr əksər hallarda başağrısı, başgicəllənmə, ürək döyünməsi və ağızda quruluqdan şikayətlənirlər. Yoluxma zamanı çox tez yorulma baş verir və yoluxma baş verəndən 3-4 saat sonra kəllə siniri nüvələrinin zədələnməsi və müxtəlif orqanların innervasiyasının paralitik pozğunluqları başlayır. Dispeptik simptomlar, o cümlədən mədə bulanması, ağızda quruluq, bəzən qusma, mədəaltı nahiyədə ağırlıq və ağrılar, diskomfort və s. botulizmin ilk əlamətlərindən biridir. Xəstəlik inkişaf etdikcə oftalmoloji simptomlar da özünü göstərir. Xəstələr gözləri önündəki "duman" və "tor"dan şikayətlənir, göz qapaqlarının bağlanması (yarımptoz, ptoz) və görmənin ikiləşməsi (diplopiya) baş verir".
Həkim xəstəliyin digər əlamətləri barədə də danışıb: "Göz simptomları ilə yanaşı, udma və nitq qabiliyyəti də pozulur, danışıq zamanı səs tutulur, nitqdə dolaşıqlıq müşahidə edilir. Xəstəliyin son fazasında diafraqma və başqa tənəffüs əzələlərinin iflici ilə əlaqədar tənəffüs funksiyasının pozğunluğu baş verir. Terminal dövrdə skelet əzələləri boşalaraq xəmirvari olur, hərəkət son dərəcə məhdudlaşır. Xəstə tənəffüs iflicindən həyatını itirmək təhlükəsi ilə üz-üzə qalır. Düzgün və adekvat müalicə aparılmasına baxmayaraq, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, zərərçəkən əmək qabiliyyətini 6-12 aya qədər itirə bilər. Çox hallarda ürək və sinir sisteminin zədələnməsi ilə əlaqədar daimi əlillik baş verir. Diaqnostikada laborator tədqiqatlar mikrobların və botulotoksinin tapılmasına yönəldilir".

Botulizmin müalicə və profilaktikası barədə danışarkən şöbə müdiri qeyd edib: "Xəstəliyin nə vaxt başlamasından asılı olmayaraq, mütləq mədə-bağırsaq traktının təmizlənməsi, müvafiq botulizm əleyhinə polivalent zərdab və onlarla yanaşı, simptomatik müalicə aparılır. Mədə yuyulması, botulotoksini neytrallaşdırmaq üçün zərdablar tətbiq olunur və bunlarla yanaşı, simptomatik müalicələr davam etdirilir. Qida məhsullarının emal edilməsi, daşınması və saxlanması zamanı sanitar-gigiyenik qaydalara düzgün riayət etmək botulizmə mübtəla olmamaq sahəsində böyük rol oynayır. Ev şəraitində qida məhsullarının konservləşdirilməsi məsləhət görülmür. Konservləşdirilmiş qida məhsulları alarkən onların üstündə istehsal və saxlanılma tarixlərinə mütləq diqqət yetirmək lazımdır. Qida müəssisələri istehsal olunan obyektlərin mütəmadi sanitar-epidemik nəzarət altında olması xəstəlikdən qorunmaqda vacib əhəmiyyət daşıyır".
Həkim bütün bunlarla yanaşı, həm də qida mədəniyyətinə riayət olunmasını və botulizm baş verəndə dərhal xəstəxanaların yoluxucu xəstəliklər şöbəsinə müraciət edilməsini məsləhət görüb.
scroll top