» » Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama - "Olmayan şeyin nəyini müzakirə edirik?!"

Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama - "Olmayan şeyin nəyini müzakirə edirik?!"



#METRO
#QATAR
#NƏQLİYYAT
#SƏRNİŞİN
"Metroda kondisioner yoxdursa, əlimizdə ventilyator gəzdirək?!"
Bir neçə gündür ki, Azərbaycan ərazisində, o cümlədən Bakıda dərəcəsi artıq 40-ı haqlamış isti havalar müşahidə edilir. Hətta verilən rəsmi məlumatlara görə, bu istilər normadan 3-4 dərəcə çoxdur. Təbii ki, bu qədər yüksək temperaturlu şəraitdə açıq havada işləmək, gəzmək çətin və dözülməz olur. İnsanların çox, sıx olduğu yerlərdə, qapalı məkanlarda, xüsusən də soyutma və ventilyasiya sistemi olmayan nəqliyyat vasitələrində nəfəs almaq çətinləşir, bəzən isə hətta sağlamlığında problemləri olan insanların həyatı üçün real təhlükə yaranır. Paytaxt Bakıda insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsi isə metrodur. Lakin metroda da cəmi 3-ü istisna olmaqla nə digər qatarlarda, nə platformalarda kondisioner sistemi yoxdur. Bu səbəbdən də sərnişinlərin böyük əksəriyyəti istilərin dözülməzliyini əsas gətirərək metro vaqonlarında və platformalarda kondisioner sisteminin olmamasından narazılıq və şikayət edirlər.
Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama - "Olmayan şeyin nəyini müzakirə edirik?!"

Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ucarliyiq.biz-a geniş açıqlama verib.

Onun sözlərinə görə, bəziləri hazırda həlli mümkün olmayan şeyləri qabardırlar: "İlk növbədə, söhbət havanın təkcə metroda isti olmasından getmir, havalar, ümumiyyətlə, Bakıda istidir və temperatur artıq 40 dərəcəni keçir. Metronun içində isə hava bayırdakından qat-qat sərindir. İkincisi, əgər digər qatarlardakı vaqonlarda kondisionerlərin olmamasından danışılırsa, hamı bilməlidir ki, bizim son dəfə 2015-ci ildə aldığımız 3 qatardakı vaqonlardan başqa heç birində kondisioner sistemi yoxdur. Kondisioner gərək ola ki, onun işləməməsindən şikayət edəsən. Axı bu qatarlarda kondisioner yoxdur. Olmayan şeyin nəyini müzakirə edək? Ona görə də hazırda qatarlarda kondisioner məsələsini müzakirə etmək əbəsdir. Köhnə qatarlarda isə istehsalçı tərəfindən quraşdırılması nəzərdə tutulmadığından kondisioner sistemi yoxdur.
Əslində, mən insanları qınamıram. Onlar yayda metroda sərinlik istəyirlər, yerin altında, ictimai nəqliyyatda rahat olmaq istəyirlər. Amma reallığı da nəzərə almaq lazımdır. Əgər kondisioner sistemi yoxdursa, nə edək? Əlimizdə ventilyator gəzdirək, yoxsa gətirib ev kondisionerləri qoyaq?!
Biz indi maksimum dərəcədə çalışırıq ki, stansiyaları, tunelləri ventilyasiya vasitəsilə təbii havalandıraq ki, xoşagəlmək hal baş verməsin".


Şöbə rəisi ventilyasi ilə bağlı məsələlərə də bir daha aydınlıq gətirib: "Normalda ventilyasiya sistemi bayırdan sərin havanı götürüb şaxta ilə içəri vurur. Amma qayda var ki, əgər bayırda havanın temperaturu 35 dərəcədən artıqdırsa, bayırdan havanı alıb içəri vurmaq olmaz. Belə olanda yalnız daxildə ventilyasiya sistemi ilə havanın hərəkətini təşkil edirik. Hazırda, bizim üçün ən vacib olan məsələ odur ki, içəridəki hava kirli, mikroblu olmasın, rütubət, nəmişlik yaranmasın ki, insanların həyatına təhlükə törətməsin. Bunun üçün də kifayət qədər yeni avadanlıqlar alınıb və istəfadə olunur. Mütəmadi olaraq, hər şey ölçüb-biçilir, laborator təhlillər aparılır, nəzarət olunur. Hazırda metroda insanların həyatı üçün təhlükə törədə biləcək hava kirliliyi yoxdur. Bununla yanaşı, şaxtalarda istismar müddəti başa vurmuş ventilyasiya sistemləri yeni, daha müasir, güclü və səmərəliləri ilə əvəzlənir. Bu proses bundan sonra davam etdiriləcək".

N.Paşayev qeyd edib ki, vaxt keçdikcə gələcəkdə metroda soyutma-isitmə problemi olmayacaq: "Etiraf edək ki, stansiyalarda havanın istər təmizliyi, istərsə də sərinliyi əvvəlki illərə nisbətən daha yaxşıdır. Amma təbii ki, xüsusilə pik saatlarda vaqonların içindəki havanın temperaturu çox olur. Bunu biz də inkar etmirik. Bütün bu məsələlər yalnız həmin vaqonların və ya qatarların istismar müddəti başa çatdıqdan sonra yenilərinin alınması ilə həll oluna bilər. Yeni nəsil vaqonlarda, qatarlarda kondisioner sistemi olacaq və bununla da metroda istər soyutma, istərsə də isitmə problemi tam aradan qaldırılacaq".
İlkin İzzət
scroll top