» » Dilim-dilim olasan, dilim

Dilim-dilim olasan, dilim


#DİN
Bəzən yaşlılarımızdan bu sözü eşidirik. İşlətdikləri bir sözə görə problem yaranarsa və yaxud peşman olarlarsa "dilim-dilim olasan dilim" deyirlər.
Dilin həqiqətən nələr etdiyini dərk edərək dillərinin dilim-dilim olub bir daha bir söz işlətməməsini arzulayırlar.
ucarliyiq.biz azerimuslims.com-a istinadən bildirir ki,dil və dildən çıxan sözlər çox əhəmiyyət kəsb edir. Müsəlman bir şəxsin həyatı boyunca dilini qoruması heç də adi bir məsələ deyil. Bu məsələ bir qurtuluş məsələsidir. Bu məsələ cənnət və cəhənnəmlə bağlı bir məsələdir. İnsan ya dilinin ucbatından cəhənnəmə daxil olar, ya da dilini qoruyub nicat tapar. Görün Peyğəmbərimiz (s.a.s) bu məsələni necə gözəl şəkildə bizə çatdırır; "Kim mənə iki yanağı arasında (dilini) və baldırları arasında (övrəti) olanı qorumağa zəmanət verərsə, mən də ona Cənnətə girməyə zəmanət verərəm." Baxın, müsəlman bu iki şeyi qoruyub saxlayarsa, sanki əlinə Cənnətə girməyə bir zəmanət kağızı almış olar. Həmçinin Peyğəmbərimizdən (s.a.s) səhabələr bir dəfə - İnsanları cəhənnəmə ən çox aparan əməl nədir - soruşduqda, O (s.a.s): "Ağız və övrət yeridir." deyə cavab vermişdi.
Peyğəmbərimiz (s.a.s) Muaz bin Cəbəli (r.a) Yəmənə dəvət üçün göndərərkən, insanlara islamı gözəl şəkildə çatdırmağı başa salırdı. O (s.a.s) bu məsləhətində həmçinin belə demişdi: "Sənə, həmişə nicat tapacağın bir əməli deyimmi?! Bunu (dilini göstərərək) saxla!" Yəni Peyğəmbərimiz (s.a.s) demək istəyirdi ki, dilini qoru, kifayət qədər pisliklərdən və lazımsız danışıqlardan çəkindir.
Dil məsələsi o qədər təhlükəlidir ki, bu hətta əqidəvi məsələdə də böyük rol oynayır. Bir insan dili ilə İslama daxil ola bilər və dili ilə də İslamdan xaric ola bilər. Şəhadət gətirən, dili ilə tələffüz etdiyi sözlərlə İslamı qəbul edir və artıq müsəlmanlardan sayılır. Həmçinin dili ilə küfr və ya şirk sözlərini işlədən bir şəxs İslamdan çıxar və artıq müsəlmanlardan sayılmaz.
Ey müsəlman bacım və qardaşım! Dil bir ilandır, səni sancmasına imkan vermə. Elə bir söz buraxma ki, səni hər xatırladıqda sancsın, yaxud ömrün boyu ağrısı qalsın, yaxud da həmişə ürəyin ağrısın. Sənin dilin başqasını sancdığı kimi sənin özünü də çox pis sanca bilər. Görün hətta bu dünyada dilinin ucbatından nə qədər ölənlər var. Kimisi bir söyüş üstündə, kimi bir mübahisədən, kimi söz atmaqdan, kimi yalançılıqdan, kimi böhtandan, kimi söz gəzdirənlikdən, kimi yalançı şahidlikdən öldürülüb. Deməli axirət günü hesabdan əvvəl, bu dünyada belə dilindən bəlalara düşənlər az deyil. "Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır! " (Qaf, 18) deyə buyurur Allahu təala. Amma indiki zamanda elə möminlər var ki, namazlarının vaxtını keçirməz, sünnətləri əksiltməz, hər həftə oruc tutarlar, küçədə başı aşağı gəzər və hətta televizora belə baxmazlar ki, gözləri haram görməsin. Bütün şübhəli əməllərdən çəkinərlər ki, harama yaxınlaşmasınlar, amma bir yerdə yığılanda, bir məclisdə oturanda, ondan-bundan danışmağa başlayarlar. İbn əl-Qeyyim də bu cür möminləri təsvir edərək deyir; "Neçə-neçə dindarlar var ki, dilləri, sağ və ölü insanların namuslarında gəzər". İbn əl-Qeyyim demək istəyir ki, dillərini qorumazlar, başqalarının haqqında danışarlar. Başqaları haqqında danışmaq həqiqətən biz təsəvvür etdiyimiz kimi adi bir iş deyil.
Peyğəmbərimizin (s.a.s) İfk hadisəsində başına gələnlər də, elə bir nəfərin dilindən çıxardığı bir sözün ucbatından olmuşdu. Möminlərin anası Aişə (r.a) karvandan geridə qalıb yolunu azarkən, səhabələrdən biri gedib onu tapıb gətirmişdi. Bunu görən ürəyi qurdlular pis zənnə qapılmışlar və söz atmağa başlamışlar. Təbii ki, bu da həm Peyğəmbəri (s.a.s) həm də Onun (s.a.s) həyat yoldaşını incitmişdi. Bizim kimi insan olan Rəsulullah (s.a.s) isə həqiqəti bilmədiyindən necə addım atacağını bilməmişdi. Yoldaşını gedib atası evinə buraxmış və bir ay beləcə ikisi də ayrı qalmışdılar. Dildən çıxan bir şərrə və böhtana görə, müsəlmanlar arasında çaxnaşma salan, Peyğəmbər ailəsini dağıdan, həmçinin Aişənin (s.a.s) atası Əbu Bəkrin (r.a) ürəyini qıran və sairə kimi fəsadlar törədən bu şəxs Allahın nəzərindən qaçmamışdır. Allah təala bunu da müsəlmanlara bir imtahan kimi vermişdi. Bir ay bu anlaşılmazlıq keçdikdən sonra Allah təala 7 göydən aşağı Aişəni (r.a) təmizə çıxarır və Onu (r.a) müdəfiə edir. Amma görün Allah təala bu fəsadı törədənə və həmçinin o şəxsin törətdiyi kimi fitnələr törədən bütün insanlara necə xitab edib: "O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" (ən-Nur, 15).
Peyğəmbərimiz (s.a.s) Merac gecəsi cənnəti və cəhənnəmi görərkən, cəhənnəmdə əzabların bəzi formalarını da görmüşdü. Gördüyü əzab çəkənlərin arasında, misdən olan dırnaqları ilə sifətlərini, sinələrini cıran bir toplum görür. O (s.a.s) Cəbraildan (ə.s) bunların kim olduğunu sorduqda, Cəbrail (ə.s): "Onların insanların ətlərini yeyənlər və onlar qiybətini edənlərdir" deyib.
Möminin məqamı və hüququ Allah qatında çox böyük və toxunulmazdır. Bir dəfə Peyğəmbər (s.a.s) Kəbənin qarşısında dayanıb öz-özünə belə deyir: "Sənin hörmətin (məqamın və toxunulmazlığın) Allah qatında necə də böyükdür. Amma möminin hörməti səninkindən də ucadır."

Möminin Allah qatında olan mənzilini görürsünüzmü?! Bunu Peyğəmbərimiz (s.a.s) buyurur.
Çalış hər bir sözünə və kəlmənə fikir ver qardaşım və bacım! Dilinlə tələffüz etdiyin və ağzından çıxardığın sözə sonradan peşman olmayasan və Axirətdə hesabını verə biləsən deyə, düşün sonra çıxar. "(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)" "Əl-Kəhf 49"
Bəli, hər bir söhbətin, hər bir cümlənin, hər bir sözün və fikrin hesabını verəcəyik qiyamət günü. Sözü hansı niyyətlə, hansı səbəbə söylədiyimizin də hesabını verəcəyik Allah qarşısında. Müsəlman qardaşının, bacının və ya qonşunun arxasınca bir söz işlətmisənsə, Axirət günü üz-üzə dayanacaqsan və haqqını səndən istəyəcək. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan bir hədisdə deyilir ki, bir gün Peyğəmbər (s.a.s) səhabələri ilə olarkən belə deyir: "Bilirsinizmi müflis kimdir?" Səhabələr: "Bizim aramızda, malı-pulu olmayan müflis sayılır." Peyğəmbər (s.a.s): "Müflis o kimsədir ki, namaz qılıb, oruc tutub, zəkat verib (saleh əməllər edib), amma qiyamət günü onun bu əməlləri puç olacaq (havaya sovrulacaq). Çünki dünyada onu söyüb, bunun qiybətini edib, o birinin haqqına girib." İndi otur düşün görüm, həyatın boyu necə nəfərin haqqında danışmısan, neçə nəfərin eybini və pisliyini başqalarına demisən? Bir nəfərin, yoxsa 2 nəfərin, yoxsa 10 nəfərin, bəlkə də 100 nəfərin?! Onlar hamısı bir-bir sənin qarşında dayanacaqlar və haqqlarını almayınca səndən əl çəkməyəcəklər."Kim zərrə qədər xeyir edirsə, qarşılığını görəcək. Kim zərrə qədər şərr (ziyan) əməl edirsə, qarşılığını görəcək." (Zəlzələ7-8).
İnsanlar haqqında danışmaq bir tərəfdə qalsın, bəs ömrümüz boyu, illərcə hər gün neçə min kəlmə işlətdik?! Bunların hansı xeyir, hansı ziyan və hansı boş sözlərdir?! Bir-bir araşdırsaq xeyir söylədiyimiz anlar çox çıxacaqmı?! Allah bilir. Amma bir-bir o sözlərin hesabını verəcəyik. Ənəs bin Malik (r.a) deyir ki; "9 il Peyğəmbərimizə (s.a.s) xidmət etdim. Mənə, elədiyim bir şeyə görə, niyə elədin demədi. Yaxud eləmədiyim bir şeyə görə, niyə bunu eləmədin demədi." Bu Peyğəmbər əxlaqıdır. Bu, Allahın ən sevimli qulu və Peyğəmbərlərin seyyidinin mədəniyyətidir. Yanında işlətdiyi bir kimsəyə belə, lazım olan işlərin niyə görülmədiyini sormurdu. Bizlər isə ağzımıza gələni danışırıq, heç vecimizə də deyil. Peyğəmbər (s.a.s) danışmağın və dinməyin ən gözəl bir qaydasını qoyub: "Kim Allaha və qiyamət gününə inanırsa, ya xeyir söyləsin, ya da sussun!"
Ey möminlər, ey doğmalarım! Xeyir söz söyləyə bilmiriksə, susmağı əmr edir bizə Rəsulallah. Xeyir sözdən başqa, boşboğazlıq, yalandan insanları güldürmək, yalançı hekayələr və lətifələr belə söyləməyi tövsiyə etməyib Rəsulullah. Bəs kiminsə haqqında danışmaq, qiybətini etmək, söz gəzdirmək, söz atmaq və söymək necə?! Rəsulullah (s.a.s) buyurub ki; "(Bir-birinə ) Söyüş söyənlərin ikisi də şeytandır." İndiki zamanda mömin bir bəndə, Allaha imanı zəif olan bir kimsəni elə incidir ki, həmin insan onun Allahını, Rəsulunu, dinini və valideynlərini söyür. Özü bu söyüşə səbəbkar olur. İndiki zamanda hətta Rəsulullahın səhabələrini də söyənlər var. Hansı ki, Rəsulullah (s.a.s) buyurub ki; "Kim mənim səhabələrimi söyərsə, ona Allahın, mələklərin və bütün möminlərin lənəti olsun!" Allahı, Rəsulunu və Onun (s.a.s) səhabələrini söyməyin yüngül bir günah olduğunu düşünənlər ola bilər. Peyğəmbərimiz (s.a.s) sağ ikən Onu (s.a.s) söyən münafiqlər olub. Onlar bir yerdə oturub, deyib-gülərkən, Peyğəmbərə (s.a.s) və Onun (s.a.s) səhabələrinə sataşaraq söz atmışdılar və demişdilər ki; "Onlardan (Rəsulullah və səhabələrindən) daha yekə qarın və yalançı insan görməmişik." Bu söz isə Rəsulullaha çatanda, niyə belə etdiklərini araşdırır və həmin münafiqlər; "Zarafat edirdik, deyib-gülüb oynayırdıq. (Ciddi deyildik)" deyirlər. Allah təala isə onların ürəyindəyini bildiyi üçün onlara cavab olaraq belə bir ayə nazil edir; "Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)",- deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!"  (Əl-Təubə 65) Mömin bəndə pis sözlər və ya başqası haqqında bir şey söyləməməsindən əlavə, başqasına qarğış-bəddua və ağır söz də deməməlidir. Çünki Peyğəmbərimiz (s.a.s) möminə xas olan bir xarakteri belə qeyd edir: "Mömin, lənətkar, pis və çirkin söz söyləyən deyil." Bundan başqa həm də bilmədiyimiz, ondan bundan eşidib amma tam əmin olmadığımız bir şeyi də söyləmək bir mömin kimi bizə yaraşmaz. Bildi-bilmədi hər şeyi danışan insana Allah təala belə xitab edir: "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır" (Əl-İsra 36) Çünki Allah təala mömin və itaətkar qullarını başqa bir ayədə bir xüsusiyyətlər təsvir edib və onların məhz o cür olmalarını istəyir; "O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər" (Əl-Muminun 3)
Bir dəfə Ömər (r.a) savaşların birində, İslam naminə və müsəlmanların haqq olduğu üçün üstün olması naminə Peyğəmbər (s.a.s) və Əbu Bəkrlə dilləşir. Kafirlərə qarşı sərt davranıb, onlarla vuruşub, öldürmək istəyini bildirir, lakin Rəsulullah (s.a.s) səbirli olmağı üstün tutur. Ömər (r.a) sonralar deyir ki, "Həmin günü danışdıqlarım (mübahisəm) üçün sonradan o qədər xeyir əməllər görmüşəm ki, həmin günümün qüsurunu yuyub aparsın." İslam və müsəlmanlar naminə belə danışdığı sözlərdə qüsur edəcəyindən qorxan Ömərin (r.a) əməlinə baxıb, indiki zamanda səhərdən axşama kimi lağ-lağı edən möminin əməlinə necə haqq qazandıraq. Hansı ki, insanları güldürsün, əyləndirsin və xoşuna getsin deyə gülməli sözlər axtarır, lətifələr söyləyir, təlxəklik və klonluq göstərir.
Allah təala Quranda möminlər haqqında: "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);"  (Əl-Furqan 72) deyir.
Sizə və ya hər hansı bir müsəlman şəxsə bircə manat da olsa sələm və ya faiz al desən, qəbul edərmi?! Bircə manat deyil, heç bircə qəpik faizə də razı olmarıq. Peyğəmbərimiz (s.a.s) deyib ki; "Faiz almağın ən aşağı dərəcəsi (ən aşağı günahı), birinin anası ilə yatmış kimi günah qazanması qədərdir". Əgər bu ən aşağı dərəcəsidirsə, onda ən yuxarı dərəcəsi necə olar?! Təsəvvür etmək belə dəhşətdir. Peyğəmbərimiz (s.a.s) belə deyir; "Bilirsinizmi faizin ən böyüyü (ən böyük günah sayılanı) müsəlmanın namusu (haqqında) danışmaqdır." Allah təala Qurani Kərimdə faiz alanlara və yeyənlərə xitab edərək; "Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!"  (Əl-Bəqərə 279) deyir. Faizin cəzası ən ağır günahlar kimi təsvir olunub Qurani Kərimdə. Müsəlmanın dalından danışmaq isə bu günahdan da qəbahətlidir.
İndiki zamanımızda hətta alimləri də söyür və lənətləyirlər. Ondan-bundan, bir-iki kitabdan nə isə oxumuş müsəlmanlar, həyatlarını İslama və dəvətə həsr etmiş alimlərin haqqında ən nəlayiq sözləri söyləyirlər. Minlərlə kitab oxuyub, araşdırıb, müsəlmana faydalı və lazımlı bir məlumatı çatdırmaq üçün, gecələri oyaq qalan alimlərin dəyərini bilməyən müsəlmanlar, bu gün o alimlərin bir səhvinə görə onlara lənət edir və hətta kafir belə söyləyirlər.
Interesting facts scroll top