» » Ana südünün artırılması

Ana südünün artırılması


#MARAQLI

Ana südü körpə üçün çox unikal və əvəzolunmaz nemətdir. Ana südü ilə qidalanma ana və körpə arasında hamiləlik dövründən davam edən qırılmaz əlaqənin davamı, körpənin yeni mühitə uyğunlaşması üçün yardımçı bir vasitədir. Onun körpənin sağlamlığı üçün sonsuz faydası var.
Südün tərkibindəki faydalı və qidalı maddələr körpə orqanizminin sağlam fiziki və zehni inkişafını təmin edir. O, hər zaman steril və gigiyenikdir, istifadəyə daim hazırdır və hazırlanma tələb etmir, yalnız hər uşaq üçün fərdi olaraq nəzərdə tutulur, çox asan həzm olunur. Beyin inkişafını sürətləndirir, fiziki və sinir-psixi inkişafda təməl rolu oynayır, uşağın bioloji yaşını və böyüməsini tənzimləyir.
ucarliyiq.biz bildirir ki, AZƏRTAC-a körpə həyatında ana südünün rolu və ana südünün artırılması barədə danışan K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq həkim-reanimatoloqu Araz Əliyev deyib: "Ana südünü artırmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. Südün yetərli olmasında qəbul edilən mayenin miqdarı çox vacibdir. Ona görə də ana gün ərzində 3-3,5 litr su, o cümlədən şəkərsiz çay, ayran, şorba və ya meyvə kompotları qəbul etməlidir.
Süd verən dövrdə arıqlamaq üçün pəhriz saxlanılması yolverilməzdir. Südvermənin ilk altı ayında saxlanılan arıqlama pəhrizi südün miqdarını kəskin surətdə azaldır. Laktasiya dövründə ana yetərli və keyfiyyətli qidalarla qidalanmalıdır. Karbohidrat qəbulu azaldılmamalıdır. Arıqlamaq məqsədilə ananın karbohidratları rasiondan çıxarması tamamilə yanlış addımdır. Rasionda mütləq çörək, düyü, makaron və meyvə kimi karbohidrat mənbələri üstünlük təşkil etməlidir.
Zülal südün əmələ gəlməsində ən vacib rol oynayan mənbədir. Südverən ana mütəmadi olaraq süd, yoğurt, ayran, pendir, yumurta, ət, toyuq və balıq kimi proteinli qidalar qəbul etməlidir. Bundan başqa tərkibində arpa suyu olan içkilərin ana südünü artırdığı təsdiq edilib.
Narıncı rəngli meyvə-tərəvəzdən istifadə edilməsi çox faydalıdır. Yerkökü, balqabaq, qovun və beta-karotinlə zəngin olan tərəvəzlər süd ifrazını artırır.

Yaşıl yarpaqlı cəfəri, pazı, ispanaq kimi tərəvəzlər həm südün ifrazını, həm də onun tərkibində mineralların miqdarını artırır.
Araşdırmaya görə, razyana toxumunun südü artırmaqda əvəzsiz rolu var, lakin onun həddindən artıq qəbulu südün ifrazını tamamilə dayandıra bilər. Razyananı həm dəmləmə şəklində, həm də az yağda qovuraraq istifadə etmək məsləhət görülür.
Ağ reyhan bitkisi də südün artırılmasında müsbət rol oynayır. Həmçinin gün ərzində 1 kasa yulaf əzməsi və ya sıyığı yemək süd ifrazı üçün çox faydalıdır".
Həkim-reanimatoloqun dediyinə görə, gün ərzində körpənin qidalanması gecə saatları da daxil olmaqla 12-dən 20 dəfəyə qədər və daha çox olmalıdır. Bu, laktasiyanın stimulə edilməsi üçün vacib şərtdir. Qidalandırma zamanı körpəyə qlükoza, çay və süni qarışıqlar vermək olmaz. Boş əmzik verilməsi südlə qidalanma prosesini çətinləşdirə bilər. Ana südündə suyun miqdarı 87-90 faizdir. Laktasiya kifayət qədər olmayanda hətta isti iqlimdə də körpənin mayeyə olan tələbatı ana südü ilə tam ödənilir və əlavə suya ehtiyac qalmır. Körpənin qidalanması 10 dəqiqədən 30 dəqiqəyə qədər davam edə bilər. Bəzən proses uzananda ana uşağı süddən ayırır və uşağı yağla zəngin, əsas enerji mənbəyi olan "ikincili" süddən məhrum edir. Körpəyə südvermənin sayı tədricən azaldılaraq 2-3 aylığında 5-6 dəfəyə çatır.
scroll top