» » Səbinə Səfərova: Bu alın yazısıdır...

Səbinə Səfərova: Bu alın yazısıdır...

Səbinə Səfərova: Bu alın yazısıdır...

Mayın 17-18 tarixlərində Səttar Bəhlulzadə adına sərgi zalında istedadlı rəssam Səbinə Səfərovanın fərdi sərgisi keçiriləcək.  

Sənət sevərlərə müəllifin 38 əsəri təqdim ediləcək.

Ucarliyiq.biz xəbər verir ki, sərginin təntənəli açılışı mayın 17-də saat 19:00-da baş tutacaq. 

Səbinə Səfərova Bakıda anadan olub. Uşaqlıqdan rəssamlığa həvəsi olsa da, bunu peşəkar fəaliyyət növü kimi nəzərdən keçirməyib. 

“Hər şey bir neçə il öncə ani olaraq dəyişdi. Kətan üzərində yağlı boyalarla rəsm çəkməyə qarşısıalınmaz bir həvəs yarandı. Yaratmaq arzusu o qədər güclü idi ki, dərhal rəssamlıq dərsləri almağa başladım, paralel olaraq müxtəlif texnikaları da sınaqdan keçirdim”, - rəssam bildirib. 

Səbinə taleyə və alın yazısına inanır. Fərdi sərgisinə verdiyi “Maktub” adı da təsadüfi deyil. Ərəb ölkələrində “Maktub” ədəbi tərcümədə Allah tərəfindən yazılmış alın yazısı kimi ifadə edilir. 

Öz yaradıcılığında rəssam müxtəlif texnika və janrlara müraciət edir. Son işlərində daha çox ölkəsinin mədəniyyəti və ənənələri əks edilir.  

Hazırda Səbinə ekspressiya elementlərindən istifadə edərək impressionizm üslubunda işləyir. Bu rəssamlıqda ən emosional istiqamətdir və kətana parlaq əsərləri köçürmək imkanı yaradır. O, rəngi dərindən hiss edir, rənglə düşünür və düşüncələrini rənglə ifadə edir. Kətanın səthinə, fakturasına diqqətlə yanaşır. 

Səbinə Səfərova öz işlərində qarışıq texnikadan və müxtəlif alətlərdən istifadə edir. Yağlı boyalarla tanışlıqdan fərdi sərgiyə qədər gedən yol 4 il çəkib. 

Rəssamın əsərləri ilə 2017-ci ilin mayın 17-si və 18-də S.Bəhlulzadə adına sərgi zalında tanış ola bilərsiniz. 

S.S.

scroll top