» » Bakıda və Xaçmazda aşkar edilən ətlərin müayinəsi başa çatıb

Bakıda və Xaçmazda aşkar edilən ətlərin müayinəsi başa çatıb


Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iyunun 9-da "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at ətinin müayinələrinin nəticələri məlum olub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən ucarliyiq.biza daxil olan məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortusequi) aşkar edilib. Salmonella abortusequiilə çirklənmiş ətlər, hətta, emal edildikdən sonra insan sağlamlığına, səhhətinə zərər yetirir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, həmin ətlərin öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilib.

Hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrinə müvafiq tədbirlər görüləcək.

Bundan başqa, iyunun 9-da qida təhlükəsizliyi ilə əlaqədar alınan məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti XidmətininXaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

Avtomobildə aşkar edilmiş ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasına əsasən, yoxlanılan nümunələrdə bakterioloji çirklənmə (Bağırsaq Çöpləri Qrupu Bakteriyalar) aşkar edilib. Biokimyəvi müayinənin nəticəsinə əsasən, həmin ətlərin iribuynuzlu heyvan əti olması müəyyən edilib. Heyvanların kəsimi və daşınması zamanı baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi üçün ətlər bağırsaq çöpləri qrupu bakteriyaları ilə çirklənib.

Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobildə aşkar edilən ətlər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

scroll top