» » Bu il Azərbaycanın neft sektoruna 3,6 mlrd. manat yönəldilib

Bu il Azərbaycanın neft sektoruna 3,6 mlrd. manat yönəldilib

Cari ilin yanvar-may aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 671,7 mln. manat vəsait yönəldilib.

“Report”un Dğvlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3,2% azdır.

Vəsaitin 3 663,5 mln. manatı neft sektoruna, 2 008,2 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 73,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 82,9%-i məhsul istehsalı obyektləri, 11,9%-i xidmət sahələri üzrə obyektlər, 5,2%-i isə ümumi sahəsi 629,7 min kv. metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 37,3 %-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,4%, bank kreditləri 12%, büdcə vəsaitləri 11,2%, əhalinin şəxsi vəsaitləri 4,5%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,5% təşkil edib.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasında 2 136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib.

scroll top