» » Avropa İttifaqının komissarı İqtisadiyyat Nazirliyində olub

Avropa İttifaqının komissarı İqtisadiyyat Nazirliyində olub


İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Aİ arasında əməkdaşlığın bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyini, Aİ-nın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Onun sözlərinə görə, Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 38%, ölkəmizin qeyri–neft sektoruna birbaşa investisiya qoyuluşunda isə 35%-dir.

Nazir qeyd edib ki, Aİ-na üzv ölkələrlə strateji tərəfdaşlıq sənədləri, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviq və qorunması haqqında sazişlər imzalanıb. Azərbaycanın dövlət qurumları texniki yardım alətləri çərçivəsində əməkdaşlıq edir. Ötən həftə Bakıda keçirilən Azərbaycan-Aİ biznes-forumu iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətlidir.

Ş.Mustafayev Azərbaycanın nəqliyyat və energetika sahələrində Aİ ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirildiyini, limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın fəaliyyət göstərəcəyini və bunun üçün müvafiq hüquqi rejimin yaradıldığını, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir Azərbaycan üçün qeyri-neft sektorunun prioritetliyini vurğulayıb, ölkə iqtisadiyyatının diversifikasiyası, eləcə də son zamanlar həyata keçirilən kompleks islahatlar barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Aİ ilə iqtisadiyyatın və ixracın diversifikasiyası, qeyri-neft ixracının və investisiyaların təşviqi, sahibkarlığın inkişafı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Y.Han isə Milli Qurtuluş Günü münasibətilə naziri təbrik edib, əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı qeyd edərək, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. O, qeyd edib ki, Azərbaycan və Aİ arasındakı yeni tərəfdaşlıq sənədi əlaqlərin genişlənməsində əhəmiyyətli olacaq.

Y. Han İqtisadiyyat nazirini Brüsselə səfərə dəvət edib. Görüşdə Azərbaycan ilə Aİ arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafına, viza rejiminin sadələşdirilməsinə, Azərbaycan və Aİ arasındakı yeni tərəfdaşlıq sənədinə dair fikir mübadiləsi aparılıb.

scroll top