» » Gürcüstan elektrik enerjisi idxalını artırıb

Gürcüstan elektrik enerjisi idxalını artırıb


Tbilisi. 4 iyul. Gürcüstan bu ilin ilk yarısında elektrik enerjisi idxalını 5% artırıb.

“Report”un Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, əgər tendensiya belə davam edərsə, elektrik enerjisinin idxalı 2017-ci ilin sonunadək 1,5 mlrd. kVt/saata çatacaq. Bu isə elektrik enerjisi tariflərinin artmasına səbəb olacaq.

Ekspertlərin fikrincə, elektrik enerjisi idxalının artmasına səbəb hökumətin Gürcüstan üzrə tikilməkdə olan su elektrik stansiyalarının (SES) inşasını dayandırması və ölkədə elektrik enerjisi istehsalının aşağı düşməsidir.

Gürcüstan parlamentinin deputatı Rezo Arveladze mətbuata açıqlamasında deyib ki, hökumət enerji sektoruna yönəlmiş investisiyaları azaldıb. Bu isə Gürcüstanın qonşu ölkələrdən asılılığını artırır.

Deputatın sözlərinə görə, yay aylarında elektrik enerjisinə tələbat az olsa da, oktyabrdan başlayaraq tələbat dəfələrlə artacaq.

scroll top