» » Abu-Dabi Dövlət Neft Şirkəti də özəlləşdirməyə hazırlaşır

Abu-Dabi Dövlət Neft Şirkəti də özəlləşdirməyə hazırlaşır


Abu-Dabi Dövlət Neft Şirkəti (ADNOC) öz biznesinin bir hissəsini IPO vasitəsilə özəlləşdirməyi planlaşdırdığını bildirib. ucarliyiq.biz-in "CNBC" telekanalına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nəhəng neft şirkəti olan ADNOC öz xidmət biznesinin paket səhmlərinin bir hissəsini ilkin yerləşdirmə üsulu ilə satmaq imkanlarını araşdırır.

Qeyd edək ki, BƏƏ S.Ərəbistanı və Omandan sonra dövlət neft şirkətini özəlləşdirməyə çıxaracağını açıqlayan 3-cü ölkədir. "Saudi Aramco"dan fərqli olaraq ADNOC əsas holdinqinin IPO-sunu həyata keçirməyi planlaşdırmır. S.Ərəbistanı isə əksinə, "Saudi Aramco"nun səhmlərinin 5%-ni IPO vasitəsilə özəlləşdirəcəyini bildirib. Bundan başqa, BƏƏ səhmlərin yerli fond birjalarında, S.Ərəbistanı isə xarici bazarlarda yerləşdirəcəyini açıqlayıb.

"Abu-Dabi The National" qəzetindən verilən məlumata görə, IPO-nun yaxın aylarda elan ediləcəyi bildirilir. Lakin IPO-da ADNOC-un hansı biznes qolunun özəlləşdirəcəyi və həcmin nə qədər olacağı qeyd edilmir. ADNOC həmçinin "ExxonMobil" və "Royal Dutch Shell" kimi şirkətlərlə əlaqələrini inkişaf etdirəcəyini bildirib.

Xatırladaq ki, BƏƏ OPEC-də hasilat həcminə görə 4-cü ölkədir və hazırda hasilatı 3,1 mln. barel/günə yaxindir.

scroll top