» » Səfir: "Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımızın problemlərinin həllinə çalışır"

Səfir: "Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımızın problemlərinin həllinə çalışır"


Tbilisi. 11 iyul. Gürcüstandakı Azərbaycandilli məktəblərin bir qrup müəllimi iyulun 11-də Azəbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşüblər.

ucarliyiq.bizun Gürcüstan bürosu xəbər verir ki, görüşdə bu ölkədəki Azərbaycandilli məktəblərin vəziyyəti, dərslik və kadr çatışmazlığı, onların həlli yolları müzakirə olunub.

Görüşdə Tbilisi şəhərindəki məktəblərlə yanaşı, Qardabani, Marneuli, Dmanisi rayonlarındakı Azərbaycandilli məktəblərin müəllimləri iştirak ediblər.

Qardabani rayon 3 saylı tam orta məktəbin müəllimi Hidayət Yusubov, Tbilisi şəhər 73 saylı məktəbin direktoru Salman Pirmməmdov, Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı və başqaları çıxış edərək, məktəblərdəki vəziyyət barədə məlumat veriblər. Bildirilib ki, bu gün Azərbaycandilli məktəblərdə dərslik və kadr çatışmazlığı gənc nəslin Azərbaycan dilini və ədəbiyyatını öyrənməsinədə, inteqrasiyasında ciddi problemlər yaradır.

Görüşdə SOCAR-ın azərbaycalı tələbələrin təhsil haqqını ödəməsi çox yüksək qiymətləndirilib. Soydaşlarımızın qarşilaşdıqları problemlər də diqqət mərkəzində olub.

Səfir Dursun Həsənov deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini diqqətlə öyrənir, onların həlli üçün butün mümkün vasitələrdən istifadə olunur: "Azərbaycanın Təhsil Nazirliyinin xətti ilə hər il Gürcüstandakı Azərbaycandilli məktəblərə dərslik və metodik vəsait göndərilir. Bu proses davam edir."

O, Gürcüstandakı azərbaycanlıların Azərbaycan universitetlərində təhsil alması ilə bağlı məsələnin də araşdırılacağını bildirib. Diplomat Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının yaradilmasını yüksək qiymətləndirib, bu təşkilatın azərbaycanlı müəllimlərin, Azərbaycandilli məktəblərin problemlərinin həllində muhüm işlər görəcəyinə, ölkələrimiz arasında elm və təhsil sahələrində əlaqəlrin inkişafına çalişacağına əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, görüş Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə keçirilib.

scroll top