» » Neft yenidən bahalaşmağa başlayıb

Neft yenidən bahalaşmağa başlayıb


ABŞ-ın neft ehtiyatları 1-7 iyul həftəsində 8,13 mln. barel azalıb. ucarliyiq.biz-in "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. Qeyd edək ki, bu, 2016-cı ilin sentyabr ayından bugünədək ən maksimal azalma hesab edilir. Analitiklər neft ehtiyatlarının 2,9 mln. barel azalacağını gözləyirdilər. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 0,801 mln. barel azalıb. ABŞ-ın əsas - Kuşinq neft terminalında isə neft ehtiyatları 2,03 mln. barel geriləyərək 2014-cü ilin fevral ayından bugünədək ən maksimal azalmanı göstərib.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, iyulun 12-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 2,85 mln. barel azalacağını proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

ucarliyiq.biz-in analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti bu xəbərin açıqlanması ilə artmağa başlayıb və hazırda 1,7% yüksələrək 48,3 dollar/barelə yaxın qiymətə satılır. Neft qiymətlərinin ilin sonuna qədər 42-52 dollar/barel diapazonunda dalğalanacağı ehtimal edilir.

scroll top