» » Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bu gün Bakıda Azərbaycan-Tacikistan Ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyasının IV iclası keçirilib.

ucarliyiq.biz xəbər verir ki, tədbirdə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematulla Hikmətullazadə də iştirak ediblər.

İclasda çıxış edən Ş.Mustafayev iki ölkə arasında tarixi və mədəni yaxınlığı qeyd edib, siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb.

"Bu gün IV iclası keçirilən Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində önəmli rol oynayır. Son illər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2016-ci ildə Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsi 91% artıb", - deyən nazir iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu da vurğulayıb.

Ş.Mustafayev Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, ölkənin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, tikintisi bu il tamamlanacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak etdiyini bildirib. İclasda tranzit potensialından səmərəli istifadə edilməsi, tariflərin optimallaşdırılması sahəsində Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülən işlər barədə məlumat verilib və Tacikistanın bu imkanlardan yararlana biləcəyi qeyd edilib. Tacikistanın Azərbaycanın ilk telekommunikasiya peykindən imkanlarından istifadə etdiyi qeyd olunub və topoqrafik, həmçinin torpaqların kadastr xəritələrinin hazırlanmasında, ekoloji monitorinqlərin aparılmasında Azərbaycan peykindən istifadə edilməsi məsələsinə baxıldığı bildirilib.

N.Hikmətullazadə isə Tacikistan iqtisadiyyatının mövcud vəziyyəti barədə məlumat verərək, iki ölkə arasında əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Qonaq Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində marağını ifadə edib.

Komissiyanın iclasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə, o cümlədən Azərbaycandan Tacikistana kənd təsərrüfatı və sənaye məhsullarının ixracına, qarşılıqlı maraq doğuran sahələrdə investisiya fəaliyyətinin genişləndirilməsinə, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat əlaqələrinin artırılmasına, Tacikistanda və Azərbaycanda həyata keçirilən layihələrdə hər iki ölkənin şirkətlərinin iştirakına, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinə, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə, Düşənbə-Bakı birbaşa aviareysinin bərpasına dairmüzakirələr aparılıb.

İclasın sonunda Hökumətlərarası Komissiyanın IViclasının yekunlarına dair protokol imzalanıb. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, energetika və su resursları, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman və s. sahələrdə əlaqələrin inkişafı nəzərdə tutulur. Protokolda Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilmiş hər hansı məhsulun Tacikistan ərazisinə idxalına/ixracına, satışına və realizə edilməsinə, eləcə də bu ərazilərdə tacik şirkətlərinin hər hansı iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyinə dair əldə edilmiş razılıq xüsusi qeyd olunub.

Sonra Bakı Biznes Mərkəzində Azərbaycan sahibkarları üçün Tacikistanın investisiya imkanlarına dair təqdimat keçirilib.

Azərbaycana səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə də tanış olacaq.

scroll top