» » Latviya Azərbaycanla müntəzəm hava nəqliyyatına böyük maraq göstərir

Latviya Azərbaycanla müntəzəm hava nəqliyyatına böyük maraq göstərir


Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 23 ildən çox müddət ərzində biz fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik. Bunu dövlətlərimizin nümayəndələrinin tez-tez səfərləri, habelə çoxlu sayda yüksək səviyyəli tədbirlər, nəqliyyat, tikinti, təhsil və elm sahələrində imzaladığımız müqavilələr təsdiq edir. Biz çox iş görmüşük. Amma hələ qarşıda daha çox iş var".

ucarliyiq.biz xəbər verir ki, bunu iyulun 17-də Riqada keçirilən Latviya-Azərbaycan biznes forumda Latviya Prezidenti Raymonds Veyonis deyib.

O bildirib ki, indi qarşıya iddialı məqsədlər qoymaq və imkanlardan tam istifadə etmək lazımdır:

"Bu, xüsusən məhsulumuzun Azərbaycana ixracının təşviqinə, habelə informasiya texnologiyaları, əczaçılıq, turizm, o cümlədən müalicəvi turizm sahələrində əməkdaşlığa aiddir. Latviyada yüksək inkişaf etmiş kommersiya bankları şəbəkəsini nəzərdə tutaraq biz peşəkar və müasir maliyyə xidmətləri təklif edə bilərik.

Eyni sözləri nəqliyyat sahəsi haqqında da demək olar. Latviya çox əlverişli coğrafi mövqeyə malikdir. Ölkəmizdə nəqliyyat infrastrukturu inkişaf edib. Donmayan limanlar, dəmir yolları, aeroportlar bizi Baltik regionu üçün mühüm nəqliyyat qovşağına çevirib".

Raymonds Veyonis Azərbaycanı ölkəsinin mühüm nəqliyyat tərəfdaşı adlandırıb:

"Artıq bu gün Azərbaycan nəqliyyat sahəsində Latviyanın mühüm tərəfdaşıdır və biz burada əməkdaşlıq üçün, xüsusən Avrasiya nəqliyyat dəhlizinin və aviasiya əlaqələrinin inkişafında böyük iqtisadi potensial görürük. Biz Latviya ilə Azərbaycan arasında biznes əlaqələrinin inkişafına kömək edəcək müntəzəm hava nəqliyyatına böyük maraq göstəririk. Sahibkarlıq fəaliyyəti turizmin inkişafının yaxşı təməli olacaq. Biz iqlim dəyişmələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Bizim ekologiya, habelə tullantıların təkrar emalı, innovativ yaşıl texnologiyalar sahələrində yaxşı təcrübəmiz var. Latviya bərpa olunan enerji resurslarının istehsalı üzrə Avropa İttifaqında liderlərdən biridir. Bizim sərvətimiz insanlarımız, onların bilikləri və elmdir. Biz gələcəyimizi iqtisadiyyatın rəqəmsallaşdırılması, müasir elektron idarəetmə və yeni texnologiyalarla bağlayırıq. Bizim ambisiyalarımız təməlində gələcək onilliklərdə inkişafımızı müəyyən edəcək müasir texnologiyalar duran dövlətə çevrilməkdir. Mən ümid edirəm ki, bu biznes forum gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurmaq, fikir və yeni ideya mübadiləsi aparmaq üçün gözəl fürsətdir".

scroll top