» » Azərbaycanın torpaq-iqlim şəraiti ildə 50-60 min ton tütün istehsalına imkan verir

Azərbaycanın torpaq-iqlim şəraiti ildə 50-60 min ton tütün istehsalına imkan verir


Prezident İlham Əliyev avqustun 10-da “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

ucarliyiq.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Proqramında ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlərin ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxardığı vurğulanır. Bildirilir ki, ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədi ilə hazırlanıb.

Dövlət Proqramında Azərbaycanda tütünçülüyün mövcud vəziyyətinə toxunularaq bildirilir ki, respublikada tütünçülüyün elmi əsaslarla inkişafı və bu sahə üzrə yüksək sənaye potensialının yaradılması XX əsrin 70-ci illərinin başlanğıcına təsadüf edir. Həmin illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülüyün çox sürətlə inkişaf etməsi, bu sahənin böyük sənaye potensialının yaradılması, tütünçülüyün elmi bazasının gücləndirilməsi hesabına 1970-1980-ci illərdə tütünün əkin sahəsi 17 min hektar, istehsalının həcmi isə 60 min tondan çox olmuşdur.

Lakin son 10 ildə bəzi ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən tütünçülükdə də tənəzzül müşahidə edilmişdir. Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil etmişdir ki, bu da sahənin potensial imkanlarından xeyli aşağıdır.

Ölkənin dağlıq və dağətəyi rayonlarının torpaq-iqlim şəraiti tütün sənayesinin tələbatına uyğun, beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün yetişdirilməsinə və ildə 50-60 min ton tütün istehsal olunmasına imkan verir.

Tütünçülüyün hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, tütün və tütün məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli Qanunu qəbul edilib.

Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər və subsidiyalar, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan verib.

Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Sərəncamına əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya müəyyən edilib.

Dövlət Proqramı ölkədə bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcək.

Proqramın məqsəd və vəzifələrinə gəldikdə qeyd olunur ki, Dövlət Proqramının məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

- tütünün istehsalı, ilkin emalı və son məhsulun ölkədə istehsalının genişləndirilməsi;

- tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması;

- yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması;

- tütün toxumçuluğu təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;

- tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;

- tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi;

- tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

- tütün istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;

- tütünçülük məhsullarının ixracının təşviqi;

- idxaldan asılılığın minimum səviyyəyə endirilməsi;

- tütünçülük məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi;

- 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının 12 min tona çatdırılmasına nail olunması.

Tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər müəyyənləşdirilib. Bunlar tütünçülüyün inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, tütünçülük sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, tütünçülük sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, tütün emalı potensialının gücləndirilməsi, tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması və tütünçülükdə marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqindən ibarətdir.

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda tütünçülük ənənələrinin bərpa olunmasına, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, tütün və tütün məmulatı məhsullarının ixracının və tütünçülüklə bağlı digər sahələrin inkişafına mühüm töhfə verəcək.

Eyni zamanda Dövlət Proqramında əks olunan Tədbirlər Planına əsasən, müvafiq dövlət qurumları 2017-2021-ci illərdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəklər.

scroll top