» » Azərbaycandakı qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən çox olduğu müəyyənləşib

Azərbaycandakı qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən çox olduğu müəyyənləşib

Azərbaycandakı qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən çox olduğu müəyyənləşib

Ötən il Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən artıq olduğu müəyyənləşib. “Report” xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

Qeyd olunub ki, Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) koduna uyğun olaraq Mineral Mənbələr və Mineral Ehtiyatların qiymətləndirməsi şirkətin ilkin gözləntilərindən çox olub.

Son qiymətləndirməyə əsasən, ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir.

Xatırladaq ki, şirkətin ilkin hesablamalarında “Uğur” yatağında 195 min unsiya qızıl ehtiyatı ola biləcəyi qeyd olunmuşdu.

Bildirilib ki, “Uğur” yatağında istehsala sentyabr ayında başlanması gözlənilir. Artıq “Uğur” yatağı və şirkətin emal müüəsisələri arasındakı yol tamamlanıb. Torpağın üst qatının ilkin qazma işlərinə iyulun sonunda başlanıb.

Qeyd edək ki, əvvəl bu ilin IV rübündə “Uğur” qızıl yatağından hasilata başlanması gözlənildiyi qeyd olunmuşdu.

“Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

scroll top