» » Qazax dilinin 25 hərfdən ibarət yeni əlifbası parlamentə təqdim edilib

Qazax dilinin 25 hərfdən ibarət yeni əlifbası parlamentə təqdim edilib


Qazax dilinin 25 hərfdən ibarət latın qrafikalı yeni əlifbası Qazaxıstan parlamentinə təqdim olunub.


“Report” TASS-a istinadən xəbər verir ki, bunu Baytursınov adına Dilçilik İnstitutunun direktoru Erden Kajıbek sentyabrın 11-də jurnalistlərə bildirib.


“Bu gün qazax dilinin yeni əlifbası üzrə işçi komissiya parlamentdə təklifləri müzakirə edib. Bu əlifba təqdim olunaraq təqdir edilib”, - o vurğulayıb.


E.Kajıbekin sözlərinə görə, hazırda qazax dilində kiril əlifbasında 42 hərfdən istifadə edilir: “İşçi komissiya onların sayını ixtisar etdi. Qazax dilində olan spesifik səslərin yazı zamanı bir neçə hərflə işarə edilməsi planlaşdırılıb”.


Qeyd edək ki, bu ilin aprelində Qazaxıstan lideri bildirib: “2018-ci ildən ölkə məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır. Biz latın əlifbasına keçid dövrünə hazırlığa başlayırıq. Hökumət latın yazılı qazax dilinə keçmək üçün qrafik tərtib etməlidir. Alimlər və ictimaiyyətin təmsilçiləri ilə məsləhətləşmələrdən sonra 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartını hazırlamalıyıq”.


Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstanda istifadə edilmiş latın əlifbası “Yanalif” və ya “Yeni türk əlifbası” adlanıb. Bu əlifba keçmiş SSRİ-də xüsusi komitə tərəfindən hazırlanıb. Qazaxıstanın yenidən latın əlifbasına keçməsi məsələsi ölkə prezidentinin təşəbbüsü ilə 2007-ci ildən müzakirə edilir.


2025-ci ildən isə Qazaxıstan cəmiyyəti bütün sahələrdə latın əlifbasına keçəcək.

Interesting facts scroll top