» » Azərbaycan Hesablama Palatası bir sıra ölkələrlərlə razılığa gəlib

Azərbaycan Hesablama Palatası bir sıra ölkələrlərlə razılığa gəlib

Azərbaycan Hesablama Palatası bir sıra ölkələrlərlə razılığa gəlib
© Report.az

Azərbaycan Hesablama Palatasında MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Bakı şəhərində keçirilmiş XVII sessiyası çərçivəsində Rusiya Federasiyası, Belarus, Qazaxstan və Moldova respublikalarının kənar maliyyə nəzarəti orqanlarının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib. Bu barədə “Report”a Palatanın mətbuat xidmətindən məlumat verilib.


Azərbaycan Hesablama Palatası ilə Rusiyanın Hesablama Palatasının nümayəndə heyətləri arasında ikitərəfli görüş zamanı Palatanın sədri Vüqar Gülməmmədov və RF-nin Hesablama Palatasının sədri Tatyana Qolikova Rusiyada dövlət və icmal büdcələrinə rəylərin hazırlanması, büdcədənkənar fondlar üzrə nəzarət tədbirlərinin keçirilməsi, informasiya texnologiyalarının tətbiqi ilə nəzarət təbirlərinin keçirilməsi təcrübələri, hər iki qurum tərəfindən istifadə edilən yeni elektron audit sistemi və sosial sektorda, xüsusilə səhiyyə və təhsil sahələrində aparılan nəzarət tədbirləri üzrə son nailiyyətlər müzakirə edib və bu istiqamətdə mütəmadi olaraq təlim və seminarların təşkili barədə razılığa gəliblər.


Belarusun Dövlət Nəzarət Komitəsinin rəhbəri Leonid Anfimov və nümayəndə heyəti ilə aparılmış müzakirələrdə Azərbaycan və Belarusun ali audit qurumların gələcək ikitərəfli əməkdaşlıq istiqamətləri, o cümlədən büdcədənkənar maliyyə hesabatlarının təhlili, maliyyə auditinin aparılması ilə bağlı təcrübə mübadiləsinin və ikitərəfli təlimlərin təşkili ilə bağlı məsələlər müzakirə edilib.


V.Gülməmmədov sessiya çərçivəsində Qazaxıstanda büdcənin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri Nurmühəmməd Abdibəyovla görüşüb. İkitərəfli əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi ilə bağlı aparılmış müzakirələrdə yoxlayıcıların sertifikatlaşdırılmasında Qazaxstan AAQ-nın təcrübəsinin öyrənilməsi, həmçinin səmərəlilik auditinin, büdcədənkənar fondların büdcələrinin auditinin keçirilməsi üzrə təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlərin mütəmadi olaraq təşkili qərara alınıb.


Moldova Hesablama Palatasının sədri Vyaçeslav Untila ilə aparılmış müzakirədə hər iki qurumun rəhbərləri dövlət büdcəsindən vəsaitlərin istifadəsi ilə bağlı təqdim edilən maliyyə hesabatlarının təhlili, dövlət büdcəsinin icrası ilə bağlı hazırlanan rəylərin daha da təkmilləşdirilməsi istiqamətində ikitərəfli görüş və təlimlərin keçirlməsi istiqamətində razılığa gəliblər.


MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurası 2000-ci ilin noyabr ayında Rusiya Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılıb. MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasına 9 ölkənin Ali Audit Qurumu (AAQ) daxildir. Şuranın yaradılması MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının öz ölkələrinin sosial-iqtisadi inkişafına dəstək göstərmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirmək, MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin koordinasiyası və səmərəli mübadiləsi məqsədini daşıyır. Şura daxilində əməkdaşlığın prioritet istiqaməti kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik sualların müzakirəsi, bilik, təcrübə və məlumat mübadiləsi, birgə və paralel, ikitərəfli və çoxtərəfli nəzarət-analitik tədbirlərin keçirilməsi, o cümlədən Şuraya üzv AAQ-ların əməkdaşlarının peşəkar təlimi və ixtisasının artırılması məsələləridir.


Azərbaycan Hesablama Palatası 2002-ci ildən Şura ilə əməkdaşlıq edir və hazırda Şuranın Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu və Standartların hazırlanması üzrə İşçi Qrupunda təmsil olunur.


MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Bakıda keçirilmiş XVII sessiyası Ali Audit Qurumlarının fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi məsələlərinə həsr edilib.

Interesting facts scroll top