» » Bakıda beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması üzrə ekspertlərin görüşü keçirilib

Bakıda beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması üzrə ekspertlərin görüşü keçirilib

Bakıda beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması üzrə ekspertlərin görüşü keçirilib
© Customs.gov.az

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması məsələləri ilə bağlı görüş keçirilib. 


Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.


Tədbirdə DGK-nın və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) nümayəndələri iştirak ediblər.


Görüşün açılış mərasimində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov bildirib ki, hazırda Azərbaycanda gömrük xidmətləri tam elektronlaşdırılıb. İdarə rəisi Komitənin bəzi ölkələrin gömrük xidmətləri ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair sazişlər imzaladığını və bu istiqamətdə işin davam etdirildiyini də diqqətə çatdırıb.


C.Qasımov deyib ki, Azərbaycan tərəfi beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılmasında da maraqlıdır. İdarə rəisi bu məsələ ilə bağlı görüşdə aparılacaq müzakirələrin qabaqçıl təcrübəsinin öyrənilməsi və prioritetlərin müəyyənləşdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


IRU nümayəndə heyətinin rəhbəri Rafael Hirt beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması məsələləri ilə bağlı görüşün nəticələrinin də səmərəli olacağına əmin olduğunu qeyd edib.


Sonra görüşdə Azərbaycanla sərhədyanı ölkələrdə beynəlxalq avtomobil daşımalarının elektronlaşdırılması sahəsində mövcud vəziyyət və perspektiv imkanlar müzakirə olunub, məlumat mübadiləsinə dair İran-Türkiyə pilot layihəsinin təqdimatı keçirilib.


Görüşdə digər mövzularla yanaşı, DGK, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və IRU arasında vaxt çərçivəsinə dair Fəaliyyət Planının müəyyən edilməsi məsələləri də müzakirə olunub.

Interesting facts scroll top