» » Əfqanıstan Azərbaycan Maliyyə Nazirliyinin təcrübəsini öyrənir

Əfqanıstan Azərbaycan Maliyyə Nazirliyinin təcrübəsini öyrənir

Əfqanıstan Azərbaycan Maliyyə Nazirliyinin təcrübəsini öyrənir
© Report

Əfqanıstan Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib.


“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.


Səfərin məqsədi Azərbaycanın dövlət təşkilatlarında ERP texnologiyalarının (müəssisə resurslarının idarəetmə sistemi) tətbiqi və büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları avtomatlaşdırılmış informasiya sistemi (FARABI) üzərindən Maliyyə Nazirliyi ilə elektron sənədləşmənin aparılması ilə yaxından tanışlıqdır.


Dünya Bankının “Korporativ və büdcə sektorunda hesabatlılıq Layihəsi" çərçivəsində Azərbaycanda tətbiq edilmiş FARABI sistemi vasitəsilə bütün mühasibat sənədləri Maliyyə Nazirliyinə elektron formatda təqdim edilir. Artıq bir neçə ildir ki, bu sistem Azərbaycanın 150-dən artıq dövlət təşkilatında, həmçinin bir çox ali təhsil müəssisələrində effektiv istifadə olunur.


Maliyyə Nazirliyinin sifarişi ilə Azərbaycanın "SINAM" şirkəti tərəfindən ərsəyə gətirilmiş FARABI sistemi “bulud” texnologiyaları üzərində qurulub.


Əfqanıstan Maliyyə Nazirliyi ölkəsində Azərbaycanın FARABI sisteminin analoqunu tətbiq etmək niyyətindədir və bu iri və mürəkkəb layihənin həmin ölkədə reallaşdırılması üçün Azərbaycandan, habelə Dünya Bankından və ya digər beynəlxalq maliyyə institutlarından yardım cəlb edilməsini nəzərdən keçirir.


Sentyabrın 15-dək davam edəcək səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti üçün FARABI sisteminin tətbiq olunduğu bir sıra dövlət təşkilatlarında görüşlər təşkil olunacaq.

Interesting facts scroll top