» » Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib

Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib


İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Zaqatala rayonunda işgüzar forum keçirib.


Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Zaqatalada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, iş adamlarının investisiya layihələri maliyyələşdirilib.


100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-ə qədər hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.


SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, bu il 1 100-dən çox sahibkara 74 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 100-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.


Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2251 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,4 mln. manat güzəştli kredit verilib.


Tədbir çərçivəsində Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqroparkın yaradılması, heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.


Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılmış tütünçülük və fındıqçılıq təsərrüfatlarına baxış keçirilib. Qeyd edək ki, indiyə qədər ölkədə tütünçülüyün, çayçılığın və fındıqçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 mln. manat güzəştli kredit verilib. 

Interesting facts scroll top