» » Azərbaycan və Surinamın maliyyə nazirləri arasında görüş keçirilib

Azərbaycan və Surinamın maliyyə nazirləri arasında görüş keçirilib


Maliyyə naziri Samir Şərifov və Bakıda səfərdə olan Surinamdan olan həmkarı Jilmor Hoefdrad arasında görüş keçirilib.


Bu barədə “Report”a Maliyyə Nazirliyindən bildirilib.


Məlumata görə, Surinamın maliyyə-iqtisadi vəziyyəti barədə məlumat verən J.Hoefdrad dünya əmtəə bazarlarında qiymətlərin enməsi nəticəsində ölkəsinin üzləşdiyi çətinliklərdən bəhs edib, bir sıra sahələrdə Azərbaycanın təcrübəsinin onlar üçün maraqlı olduğunu ifadə edib.


Öz növbəsində S.Şərifov qlobal böhranın, əmtəə məhsullarının, xüsusiylə neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında yaratdığı mənfi fəsadlara rəğmən prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitliyin bərqərar olunması, bank sektorunda həyata keçirilən sağlamlaşdırma və köklü restrukturizasiya tədbirləri, büdcə yığcamlaşdırılması və maliyyə intizamının daha da gücləndirilməsi, investisiya və işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O eyni zamanda, ölkə prezidentinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın postneft dövrünə hazır olmasının vacibliyini nəzərə alaraq, ölkə iqtisadiyyatının sürətlə şaxələndirilməsi və inklüziv iqtisadi artımın təmin edilməsinin hazırda qarşıda duran əsas çağırış olduğunu vurğulayıb.


Görüş zamanı beynəlxalq maliyyə təşkilatlarında birgə fəaliyyət və əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.

Interesting facts scroll top