» » Azərbaycanın sədrliyi ilə yaradılmış işçi qrupunun hazırladığı Turizm Etikası üzrə Konvensiya təsdiq edilib

Azərbaycanın sədrliyi ilə yaradılmış işçi qrupunun hazırladığı Turizm Etikası üzrə Konvensiya təsdiq edilib


Sentyabrın 11-dən Çinin Çenqdu şəhərində Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası keçirilir.


“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbirin 15 sentyabr tarixində keçirilən növbəti sessiyası çərçivəsində BMÜTT-nin Turizm Etikası üzrə Konvensiyasının yekun variantının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.


Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış işçi qrupuna, eləcə də sözügedən Konvensiyanın razılaşdırılması və BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq edilməsi üçün yaradılmış Xüsusi Komitəyə (Ad Hoc) nazir müavini Nazim Səmədov sədrlik edib.


Bununla bağlı, sessiya çərçivəsində işçi qrupunun sədri qismində çıxış edən N. Səmədov Turizm Etikası üzrə Konvensiyanın turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirdiyini xatırladıb və üzv ölkələri bu mühüm sənədin təsdiq edilməsinə dəstək verməyə çağırıb.


BMÜTT-nin Baş Katibi Taleb Rifai Azərbaycan nümayəndəsinin bu çıxışını dəstəkləyib və sözügedən Konvensiyanın hazırlanmasında Azərbaycanın böyük payının olduğunu vurğulayıb. Səsvermə zamanı Azərbaycan daxil olmaqla, 51 ölkə sənədin mətninin qəbul olunmasını dəstəkləyib. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti də çıxış edərək ölkələrin beynəlxalq hüquqi prinsiplərə hörmət etməsinin vacibliyini vurğulamış və bu baxımdan Konvensiyanın təsdiqinin zəruri olduğunu qeyd edib.


Bununla da, üzv ölkələrin yekdilli razılığı ilə Turizm Etikası üzrə Konvensiya BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasında təsdiq edilib. Xatırladaq ki, 1999-cu ildə təsdiq edilmiş “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış Turizm Etikası üzrə Konvensiya BMÜTT-nin ilk Konvensiya sənədi olacaq. Bununla da, Azərbaycan turizm sahəsinde təsdiq edilən ilk Konvensiya oz töhvəsini verib.

Interesting facts scroll top