» » "Bakcell" developerlər üçün treninq təşkil edib

"Bakcell" developerlər üçün treninq təşkil edib


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “AppLab” proqramının iştirakçıları olan developerlər üçün ikinci treninqi keçirib. 


"Bakcell"dən ucarliyiq.biza daxil olan məlumata görə, “Investor Relationship Development Intensive” (İnvestorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə intensiv təlim) adlı treninqdə startaplarla investorlar arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsinin bütün aspektləri əhatə olunub.


"İnvestisiyaların idarə olunması ilə bağlı ən vacib məqamlardan biri də investorla münasibətlərin düzgün qurulmasını bilməkdir. Son bir neçə ildə startap icmasında canlanma müşahidə olunmaqdadır və komandalar və layihələr investorlarla əlaqələr üzrə mütəxəssis və ya investorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə mütəxəssis kimi vəzifələrə namizəd axtarışındadırlar. Bu treninqdə iştirakçılara investorla ünsiyyətdə təbii təəssürat yaratmağın, məhsulun lazımi qaydada və uğurla təqdim edilməsi və iki dəqiqəlik qısa təqdimatın aparılması yolları (“lift təqdimatı” üsulu) öyrədilib", -  "Bakcell"in məlumatında qeyd edilib.


“Blutu” layihəsinin həmtəsisçisi Əhməd Xələfbəyli isə deyib ki, indi müxtəlif cür investorların düşüncə tərzini, yanaşmalarını və davranışlarını daha yaxşı başa düşür: "Ən azından, indi liftdə potensial bir investorla qarşılaşsam, şübhəsiz ki, öz məhsulumu ona düzgün təqdim edə və onunla ilk lazım olan əlaqəni yarada biləcəyəm”.


Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunub.


Qarşıda gələn aylar ərzində "Bakcell" şirkəti developerlər üçün piçinq, blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcək.


“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur. 

Interesting facts scroll top