» » Rusiyanın ən kriminal regionları açıqlanıb

Rusiyanın ən kriminal regionları açıqlanıb


Rusiyanın ən kriminal regionları arasında ilk pilləni Moskva tutub.


ucarliyiq.biz "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun cari ilin I rübündə və ilk yarım ilində törədilmiş cinayətlərin statistikasına dair nəşr etdiyi statistikada göstərilib.


Paytaxtda ilin birinci rübü ərzində təxminən 72 min cinayət törədilib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 24% azdır. Kriminal regionlar reytinqində ikinci yeri Moskva vilayəti tutub, burada 41,5 min cinayət hadisəsi qeydə alınıb.


Reytinqdə ilk "10-luq"da sonrakı yerləri Krasnodar diyarı, Çelyabinsk vilayəti, Başqırdıstan Respublikası, Rostov, Tümen, Sverdlovsk, Kemerovo vilayətləri və Tatarıstan Respublikası tutub.


Ən az cinayət hadisəsi Nenets Muxtar Dairəsində (yarım ilə 366) və Çukotkada (377) qeydə alınıb.


Ümumilikdə ölkədə yarım il ərzində təxminən 1 milyon 30 min cinayət hadisəsi qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% azdır.


Törədilən cinayətlər arasında oğurluq (36,6%), fırıldaqçılıq (10,7%), narkotik maddələrin dövriyyəsi (10,2%), soyğunçuluq və quldurluq (3,2%) üstünlük təşkil edib. Sağlamlığa yüngül xəsarət vurma ilə bağlı cinayətlərin payı 2,8%, qətl və sağlamlığa ağır bədən xəsarəti vurma ilə bağlı cinayətlərin payı isə 1,9% olub.

scroll top