» » Çin və Azərbaycan baytarlıq sahəsində müqavilə imzalayıblar

Çin və Azərbaycan baytarlıq sahəsində müqavilə imzalayıblar


Bu gün Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi layihəsi üzrə İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi ilə müqavilənin imzalanma mərasimi keçirilib.


Mərasimdə DBNX-nin rəhbərliyi, Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin rəhbərliyi iştirak ediblər.


Tədbirdə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov bildirib ki, Azərbaycan və Çin hökumətləri arasında mayın 13-də “İqtisadi və texnoloji əməkdaşlıq haqqında” müqavilə imzalanıb. Bu müqavilədə DBNX-nin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi layihəsi də nəzərdə tutulub. Bu layihə Çin Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilir. Azərbaycanda laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən həmin layihə gələcəkdə ölkədə heyvan sağlamlığına və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.


Həmçinin, tədbirdə Çinin Azərbaycandakı səfirliyinin konsulu Van Çunqan, Çin Beynəlxalq Mərkəzinin müdir mavini Siao Fenghuai çıxış edərək Azərbaycanda olmalarından, əməkdaşlıq münasibətlərindən danışıblar. Çıxışlarda bildirilib ki, veriləcək laboratoriya avadanlıqları rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə köməyi olacaq.


Çıxışlardan sonra Layihə üzrə müqavilə imzalanıb. Müqaviləni DBNX-nin rəisi vəzifəsini icra edən A.Süleymanov və İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin müdir mavini S.Fenghuai imzalayıblar. 

scroll top