» » AŞPA-nın payız sessiyası bu gün öz işinə başlayır

AŞPA-nın payız sessiyası bu gün öz işinə başlayır


Srasburq. 9 oktyabr. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayır.


ucarliyiq.bizun Fransa bürosu xəbəb verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etmək üçün Strasburqa gəlib.


Sessiya müddətində AŞPA-nın son 3 ay ərzində fəaliyyətinə dair məruzələr dinləniləcək, müzakirələr aparılacaq.


Bununla yanaşı, sessiyanın ilk iş günü assambleyanın yeni sədri və sədr müavinləri seçiləcək. Seçki assambleyanın prosedur qaydalarına uyğun olaraq gizli səsvermə yolu ilə baş tutacaq.


Sessiya çərçivəsində belçikalı məruzəçi Alen Desteksin "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar", AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın "Azərbaycanda demokratik İnstitutlar" mövzusunda hesabatları dinləniləcək.


Builki payız sessiyası çərçivəsində "Albaniyada parlament seçkilərində müşahidə", "Avropanın birliyini təsdiqləyib, Avropada demokratiyanı müdafiə və təşviq etmək üçün Avropa Şurasının zirvəsinə çağırış", "Avropa Şurasının nailiyyətlərinin müdafiə edilməsi: 65 illik müvəffəqiyyətli hökumətlərarası əməkdaşlığın qorunması" və digər mövzular üzrə hesabatlar dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.


Sessiyada "İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması" məsələsi də diqqət mərkəzində olacaq.


Sessiya oktyabrın 13-də başa çatacaq.


Vüsalə İsmətqızı

scroll top