» » TAP-ın Albaniya üzrə meneceri vəzifəsini tərk edib

TAP-ın Albaniya üzrə meneceri vəzifəsini tərk edib

TAP-ın Albaniya üzrə meneceri vəzifəsini tərk edib
© Foto: Michael Alber — “TAP-AG” konsorsiumunun Albaniya üzrə meneceri Şkölqim Bozqo

Trans-Adriatik Boru Kəməri (“TAP-AG”) konsorsiumunun Albaniya üzrə meneceri Şkölqim Bozqo (Shkëlqim Bozgo) bu vəzifədən uzaqlaşıb.


“Report” xəbər verir ki, bu barədə “TAP-AG” məlumat yayıb.


O, 4 ilə yaxın TAP-ın Albaniya üzrə ölkə meneceri vəzifəsində çalışıb.


TAP-ın icraçı direktoru Luka Şipati bildirib ki, TAP-ın Albaniya üzr yeni meneceri təyin olunana qədər müvəqqəti olaraq bu vəzifəni TAP-ın kommersiya və xarici əlaqələr direktoru Ulrike Andres icra edəcək.


İcraçı direktor Luka Şipati Ş.Bozqoya xidmətlərinə görə təşəkkür edərək deyib ki, hazırda TAP layihəsinin Albaniya hissəsində 2 min nəfərdən çox işçi çalışır.


Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.


“Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.


2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.


TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

scroll top