» » İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz regionunda fəal sahibkar qadınlar axtarır

İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz regionunda fəal sahibkar qadınlar axtarır


Azərbaycan İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edir. 


Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Məlumatda deyilir ki, qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.


Nazirliyin açıqlamasına görə, biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara bir sıra xidmətlərin göstərilməsini təmin etməkdən ibarətdir.


Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.


Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcək.


Müsabiqədə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

scroll top