» » “Abşeronneft”in istismar etdiyi yataqlarda hasilatın maya dəyəri 2 dəfə azalıb

“Abşeronneft”in istismar etdiyi yataqlarda hasilatın maya dəyəri 2 dəfə azalıb


Son beş ildə Azərbayan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin istismar etdiyi yataqlarda hasilatın maya dəyəri 2 dəfə azalıb.


Bunu “Report”a açıqlamasında "Abşeronneft"in rəisi Şahmar Hüseynov bildirib.


Onun sözlərinə görə, bu müddətdə neft hasilatı 2,5 dəfə artıb, idarənin xərcləri isə 25-30% azalıb: “Bu, çox böyük göstəricidir. Kollektivin gücü hesabına buna nail olmuşuq".


Bu ilin ilk 8 ayında "Abşeronneft" üzrə istehsal xərcləri 53,338 mln. manat təşkil edib. Halbuki, 2016-cı ilin yanvar-avqust aylarında isə 54,694 mln. manat olub: 


"Başqa sözlə, xərclər 1,356 mln. manat azalıb. 1 ton əmtəəlik neftin faktiki maya dəyəri 174,93 manat təşkil edib. Halbuki, 2016-cı ilin müvafiq dövründə 203,62 manat olub. Yəni 28,69 manat azalma var", - deyə o qeyd edib. 


İdarə rəisi neft hasilatının artırılmasının əsas səbəblərindən biri kimi keçici fond üzərində aparılan işləri göstərib: “Bu gün keçici fond artır, üzərində daim işlənilir. Son 3 ildə görülən işlər nəticəsində fəaliyyətsiz quyuların sayı 90-dan 46-ya düşüb. Həmin quyular üzərində analiz aparılıb. Bu il cəmi bir quyu ləğv olunacaq, 45 quyunun isə istismara qaytarılması üçün iş görülür. Ləğv olunmuş quyu fondu üzərində də işləyirik”.


O, bu gün istifadəyə verilmiş yığım nəqli sahəsinin əhəmiyyətindən də danışıb və qeyd edib ki, “Abşeronneft”in istismar etdiyi yataqlardan hasil olunan neft buradakı çənlərə yığılacaq: “Bu layihənin ən yaxşı göstəricilərindən biri odur ki, 5 il müddətinə neft-qaz itkilərinin qarşısını almaqla, elektrik enerjisinə qənaət etməklə, xərcini özü ödəyəcək. Hesab edirik ki, bu layihə özü-özünə pul qazanacaq. Köhnə çən parklarında itirdiyimiz elektrik enerjisinə, neft-qaza yeni çən parkı qənaət edəcək və öz xərcini özü çıxaracaq".


Bu obyektin tikintisi, təxminən, 18 mln. manata başa gəlib. 


Xatırladaq ki, “Abşeronneft” NQÇİ-nin əsası 1936-cı ildə qoyulub. İdarə Pirallahı adasında yerləşir. “Abşeronneft” NQÇİ “Pirallahı adası”, “Darvin bankası”, “Abşeron bankası”, “Gürgan-dəniz”, “Qərbi Abşeron” yataqlarını istismar edir.

scroll top