» » “Qarabağ” yatağında ekoloji monitorinq tədqiqatı keçirilib

“Qarabağ” yatağında ekoloji monitorinq tədqiqatı keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin ekspedisiya qrupu “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi çərçivəsində oktyabr 5-dən 11-ə kimi “Qarabağ” yatağı ərazisində ekoloji monitorinq tədqiqatı həyata keçirib.


“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.


Məlumatda deyilir ki, monitorinq planına əsasən yataqda ətraf mühitin ilkin tədqiqi aparılıb. Tədqiqatda istifadə olunan “Nefteqaz-62” gəmisinin göyərtəsində ekoloji monitorinq üçün tələb olunan cihaz və avadanlıqlar quraşdırılıb. Yataq ərazisində hidrogeoloji və coğrafi amillər nəzərə alınmaqla seçilmiş 25 stansiyadan dib çöküntüsü, müxtəlif dərinliklər üzrə su və plankton nümunələr götürülmüş, hidroloji ölçmələr aparılıb və dəniz axınları təyin edilib. Nümunələr beynəlxalq standartların tələblərinə uyğun qablaşdırılmış, etiketlənmiş, laborator təhlillərin aparılması məqsədilə Ekologiya idarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına (KTL) təhvil verilib. Laboratoriyada nümunələr fiziki-kimyəvi göstəricilər, biogen maddələr, neft məhsulları, dib çöküntülərinin qranulometriyası, metallar, üzvi maddələr, mikroorqanizmlərin taksonomiyası, planktonların kütləsi və növ tərkibi, mikrobioloji göstəricilər və digər parametrlər üzrə təhlil ediləcək, flora və fauna, biomüxtəlifliyin vəziyyəti qeydə alınacaq. Ekoloji tədqiqatın nəticələri “Qarabağ” yatağının işlənməsi layihəsi çərçivəsində hazırlanacaq Ətraf Mühitin İlkin Vəziyyətinin tədqiqi və Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi hesabatlarına daxil ediləcək.

scroll top