» » "Buta Airways" Avropaya uçuşlar həyata keçirməyə başlayır

"Buta Airways" Avropaya uçuşlar həyata keçirməyə başlayır


Azərbaycan və Bolqarıstan prezidentəri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib. Uçuşlar 16 yanvar 2018-ci ildən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək.


“Report” bu barədə aviaşirkətə istinadən xəbər verir.


Bolqarıstan paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq. 


Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bildirib ki, Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir: “Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaq. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcək”.


Yaxın zamanlarda yeni reyslərin təxsisetmə sisteminə daxil edilməsi üzrə texniki işlər başa çatdırıldıqdan sonra aviaşirkətin rəsmi saytında aviabiletlərin satışı həyata keçiriləcək.


Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.


Qeyd edək ki, oktyabrın 29-dan etibarən "Buta Airways" Bakı-İstanbul və Bakı-Sankt-Peterburq marşrutları üzrə uçuşlar həyata keçirəcək.


“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və AZAL-ın struktur bölməsidir. Onun əsası 2016-ci ilin dekabrında qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir və o, Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.




scroll top