» » Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk beynəlxalq konfransını keçirəcək

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk beynəlxalq konfransını keçirəcək


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabrın 19-da “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirəcək.


Qurumdan “Report”a verilən məlumata görə, konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar olacaq.


Məruzəçilər ixrac prosedurlarının sadələşdirilməsi üçün yeni imkanlar, qeyri-rezidentlərə elektron imzaların verilməsi, məsafədən şirkət qeydiyyatı və idarə olunması, elektron bankçılıq üçün yeni həllərlə bağlı təqdimatlar edəcəklər.


Konfrans çərçivəsində İİTKM, Rusiyanın “Gazinformservis”, “UTS GIS” və Polşanın “Asseco Data System” şirkətləri arasında elektron hüquqi əhəmiyyət kəsb edən sənədlərin transsərhəd mübadiləsi və elektron imzaların qarşılıqlı tanınması istiqamətində əməkdaşlıq haqqında Memorandumların imzalanması nəzərdə tutulur.


Beynəlxalq tədbirdə Avropa İttifaqı, Dünya Bankı, UNDP başda olmaqla beynəlxalq təşkilatlar, Rusiya, Estoniya, ABŞ, Polşa, İsveçrə, Əfqanıstan, Çin, Mərakeş, Ukrayna, və digər ölkələrdən biznes nümayəndələr, habelə Azərbaycanın dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.

scroll top