» » Azərbaycanda aqrar sektor 3%-ə yaxın böyüyüb

Azərbaycanda aqrar sektor 3%-ə yaxın böyüyüb

Azərbaycanda aqrar sektor 3%-ə yaxın böyüyüb

 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5 295,6 mln. manat təşkil edib.


ucarliyiq.biz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 2 706,4 mln. manatı heyvandarlıq, 2 589,2 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.


2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,8%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3%, bitkiçilik məhsullarının istehsalı isə 2,6% artıb.


Məlumata görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabrın 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,7%-i və yaxud 938,2 min hektarı biçilib və həmin sahələrdən 2683,8 min ton və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% az məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 28,6 min hektar dən üçün qarğıdalı sahəsindən 178,7 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 62,4 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2862,5 min ton olub.


Hesabat tarixinə tarlalardan 862,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1% az kartof, 1 220,6 min ton (6,1% çox) tərəvəz, 434,0 min ton (5,9% az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 8 sentner, tərəvəz üzrə 22 sentner, bostan məhsulları üzrə 11 sentner artıb və uyğun olaraq 149, 182 və 186 sentner olub.


2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 14,9 min hektar sahədə dən üçün günəbaxan, 14,1 min hektar sahədə şəkər çuğunduru və 3,2 min hektar sahədə tütün əkilmişdir. Oktyabrın 1-i vəziyyətinə həmin sahələrdən 54,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 4,5 dəfə çox pambıq, 29,8 min ton (74,6% çox) dən üçün günəbaxan, 173,4 min ton (2,9 dəfə çox) şəkər çuğunduru və 3,7 min ton (19,3% çox) tütün yarpağı yığılıb.


Hesabat dövrünə 553,3 min ton (2,7% çox) meyvə və giləmeyvə, 109,6 min ton (11% çox) üzüm, 574,7 ton (35,6% az) yaşıl çay yarpağı toplanıb.


Hazırda təsərrüfatlarda 2018-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 438,2 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 16,8 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 7,1 min hektarı və yaxud 42,5%-i buğda, 8,5 min hektarı və ya 50,4%-i arpa əkinləridir.


Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 353,1 min ton, süd istehsalı 1,2% artaraq 1523,3 min ton, yumurta istehsalı 7,3% artaraq 1 303,2 milyon ədəd, yun istehsalı isə 4,4% azalaraq 15,7 min ton olub. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub. 

scroll top