» » SKMF Daşkəsən rayonundan olan sahibkarlara 423 min manat güzəştli kredit verib

SKMF Daşkəsən rayonundan olan sahibkarlara 423 min manat güzəştli kredit verib


Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Daşkəsən rayonunda işgüzar forumu keçirib.


“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, rayonun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.


Forumda SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, bildirib ki, bu ilin ötən dövrü ərzində 1 326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 mln. manata qədər güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4 min qədər yeni iş yerinin açılmasına imkan yaradır.


İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 423 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, üzümçülük, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 40-dək yeni iş yerinin açılması mümkün olacaq.


Tədbir çərçivəsində Daşkəsən rayonunda dövlətin güzəştli krediti ayrılmış heyvandarlıq təsərrüfatına baxış keçirilib. 

scroll top