» » Gürcüstan hakim partiyasının Marneuli rayonunun meri vəzifəsinə namizədi azərbaycanlı gənclərlə görüşüb

Gürcüstan hakim partiyasının Marneuli rayonunun meri vəzifəsinə namizədi azərbaycanlı gənclərlə görüşüb

Tbilisi. 13 oktyabr. “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının Marneuli rayon meri vəzifəsinə namizədi Teymur Abbasov oktyabrın 13-də bu rayondakı azərbaycanlı gənclərlə görüşüb.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə çıxış edən Teymur Abbasov deyib ki, Gürcüstanda yaşayan bütün gəncləri, eləcə də azərbaycanlıları narahat edən problemlər onu da narahat edir.


Onun sözlərinə görə, əsas məqsəd birlikdə həmin problemləri həll etmək, bunun üçün müxtəlif layihələr hazırlamaq, gənclərin Gürcüstan ictimaiyyətinə və Avropaya inteqrasiyasına köməklik göstərməkdir.


Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı Gürcüstanda milli azlıqlar, o cümlədən azərbaycanlı gənclər üçün yaradılmış şəraitdən danışıb, gənclərin inteqasiyasının vacibliyini vurğulayıb.


Gənc mütəxəssislərdən Ayaz Məmmədov çıxışında bildirib ki, bu gün azərbaycanlı gənclər Gürcüstanın ictimai siyasi həyatında fəal iştirak edirlər. Onlar oktyabrın 21-də keçiriləcək seçkilərdə də fəal olacaq, layiq bildikləri namizədə səs verəcəklər.


Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr və qeyri-hökumət təşkilatlarının rəhbərləri Murad Muradov, Ravil Məmmədov, Reşan Ziyadəliyev, Aytac Əhmədova, Aişə Məmmədova və başqaları çıxış edərək gənclər siyasətindən danışıb, gənclərin gürcü dilini öyrənmələrinin vacibliyini xüsusi vurğulayıb, seçkilərdə fəal iştirak edəcəklərini bildiriblər.


Sonra görüşdə, gəncləri narahat edən problemlər, azərbaycanlıların dövlət və hökumət strukturlarında işlə təmin olunmaları, yerli seçkilərdə iştirakı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, oktyabrın 21-də Gürcüstanda yerli özünün idarəetmə orqanlarına seçkilər keçiriləcək.

scroll top