» » » Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycanda informatika sahəsində mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Şəfayət oğlu Mehdiyev dekabrın 19-da 82 yaşında vəfat edib.

Bu barədə Ucarliyiq.biz-a Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib.

Akademik Arif Mehdiyev 1934-cü il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1957-ci ildə Moskva Elektrotexniki Rabitə İnstitutunu bitirərək AMEA Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1984-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1987-ci ildə isə professor elmi adını alıb.

Akademik elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1980-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Məlumat-ölçü və hesablama texnikası” kafedrasının professoru seçilib, 2002-ci ildən Milli Aviasiya Akademiyasının “Ekologiya və aerokosmik monitorinq” kafedrasına rəhbərlik edib. 2001-сi ildə AMEA-nın həqiqi üzvü seçilib, AMEA-nın vitse-prezidenti vəzifəsində (2001-2007) çalışıb. 2002-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri idi.

Arif Mehdiyev məsafədən aerokosmik tədqiqatlarda yerüstü və bort məlumat-ölçü komplekslərinin işlənib hazırlanması sahəsində Yerin kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirib, coğrafi-məlumat sistemləri texnologiyalarının kosmik məlumatların emalına tətbiqi sahəsində mühüm əhəmiyyətli nəticələr əldə edib.

Alimin elmi fəaliyyəti son illərdə ətraf mühitdə, Xəzər dənizində baş verən ekoloji dəyişikliklərin, o cümlədən dənizin Azərbaycan sektorunda neft çirklənmələrinin qeydə alınması və qiymətləndirilməsində daha mütərəqqi tədqiqat üsullarının tətbiqinə yönəlmiş, radiolokasiya sistemi vasitəsilə alınmış təsvirlərin emalı nəticəsində çox kiçik ölçülü neft ləkələrinin qeydə alınması, onların istiqamətinin və yerdəyişmə sürətinin müəyyənləşdirilməsi yüksək dəqiqliklə həyata keçirilmişdir.

Alim Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü idi. O, 1992-2008-ci illərdə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti seçilib.

Arif Mehdiyev 2004-cü ildə Azərbaycan elmi qarşısında xidmətlərinə görə akademik Yusif Məmmədəliyev adına medalla, 2005-ci ildə isə Aerokosmik sənaye sahəsində qazandığı uğurlara görə Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qızıl medal”ına layiq görülüb. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə “Mühəndislik rəşadəti” medalı ilə, 2013-cü ildə isə Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik rəşadəti” qızıl medalı ilə təltif edilib.

Onun rəhbərliyi altında 20 fəlsəfə doktoru, 7 elmlər doktoru dissertasiyaları müvəffəqiyyətlə müdafiə edilmişdir.

Azərbaycan SSR Əməkdar Elm və Texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. Alim 1979-cu ildə “Şərəf Nişanı” və 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

scroll top