» » » “Azərenerji”: Elektrik enerjisinin verilişi bərpa olunub – YENİLƏNİB

“Azərenerji”: Elektrik enerjisinin verilişi bərpa olunub – YENİLƏNİB

“Azərenerji”: Elektrik enerjisinin verilişi bərpa olunub – YENİLƏNİB

“Azərenerji” ASC-nin sistemində istehsal və ötürmə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Ucarliyiq.biz xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı APA-ya bildirib ki, sistemin dayanıqlığı təmin edilib:

“Hazırda sistem tam gücü ilə işləyir. “Azərenerji” ASC tərəfindən elektrik enerjisi sistemində yaranmış məhdudiyyəti saat 14:20-də aradan qaldırılıb, sistemin dayanıqlığı təmin edilib”.

13:52

Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin iki stansiyasının təbii qazla təchizatında məhdudiyyətlər olub.

Ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azərenerji”ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, qaz təchizatı məhdudlaşdırılan elektrik stansiyaları 350 meqavatlıq “Şimal” və 450 meqavatlıq “Sumqayıt” stansiyalarıdır: “Qaz təchizatının məhdudlaşdırılması enerji sistemində qəza ilə nəticələnib. Lakin “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin rəhbərliyi ilə operativ tədbirlər görülüb, enerji sisteminin dayanıqlılığının təmin edilməsi, qəza hallarının genişlənməsinin qarşısının alınması ilə bağlı bütün sistem səfərbər olunub”.

Y. Babanlı əlavə edib ki, Bakı şəhəri və Abşeron rayonunun bir hissəsinə təbii qazın verilişində qısamüddətli məhdudiyyətlər yaranıb. “Tez bir zamanda istehlakçılara elektrik enerjisinin verilişi bərpa olunacaq”, - deyə dövlət şirkətinin rəsmisi bildirib.

Qeyd edək ki, bu gün saat 09:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib. Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.

Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.

SOCAR-ın yaydığı məlumatda deyilir ki, baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb: “Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür”.

scroll top