» » » Metrodakı terrorda yaralanan Zaur: "Terrorçu yanımda dayanmışdı"

Metrodakı terrorda yaralanan Zaur: "Terrorçu yanımda dayanmışdı"

Metrodakı terrorda yaralanan Zaur: "Terrorçu yanımda dayanmışdı"

"Terrorçu "Sennaya meydanı" stansiyasında qatara mindi. Onun üzərində diqqətçəkən heç nə yox idi. Yalnız rənginin qaçması, üzünün solğun olması diqqət çəkirdi".

Bunu report-a Sankt-Peterburq metrosunda törədilmiş terror hücumu zamanı yaralanan azərbaycanlı Zaur Vəliyev deyib.

Onun sözlərinə görə, terrorçu-kamikadze bir müddət onun yanında dayanıb: "Sonra mən çıxışa tərəf yaxınlaşdım. "Moskovskaya" stansiyasında qatardan düşmək istəyirdim. Aramızda bir neçə adam var idi. Yəqin məhz elə bu məqam məni ölümdən xilas edib: partlayış dalğasını aramızda dayananlar öz üzərinə alıb və onların hamısı həlak olub. Məni isə partlayış dalğası vaqonun o biri tərəfinə atdı".
Z.Vəliyevin sözlərinə görə, qatarın gəlib çıxdığı "Texnologiya institutu" stansiyasında onun vaqondan çıxmasına yardım ediblər.

"Pəncərədən çıxdım, bir neçə şəxs mənə yardım etdi. Tüstü olduğuna görə nəfəs almaq çətin idi, ona görə də hamı çölə çıxmağa çalışırdı. Hər tərəfim qan içində idi. Dərhal məni təcili tibbi yardım maşınına qoyub apardılar, məhz təcili tibbi yardım maşınında huşumu itirdim", - deyə azərbaycanlı vurğulayıb.

Yaralı Z.Vəliyev bu yaxınlarda özünə gəlib və artıq yavaş-yavaş palatada hərəkət edir. Onun iki qabırğası sınıb, çoxlu qəlpə yarası alıb, bütün bədənində qançırlar var. O, artıq yataqdan özü dura bilir, amma çox çətin hərəkət edir və gecə yaxşı yata bilmir.

Partlayışa görə onun bir qulağının pərdəsi cırılıb, indi əməliyyat olunmalıdır. Terror hücumu gününü Zaur çətinliklə xatırlayır. Artıq İstintaq Komitəsinin müstəntiqləri onun ilkin ifadəsini alıblar.
Həkimlər onu həyəcandan qorumaq üçün hələ ki xəstəyə telefonla çox danışmaq icazəsi vermir.
Öz növbəsində, yaralının anası Kifayət Vəliyeva artıq Moskvada olduğunu, Rusiyanın 1-ci kanalında Sankt-Peterburq metrosundakı terror hücumuna həsr olunmuş verilişdə iştirak etdiyini söyləyib.

"Qızım verilişdə Zaur haqqında çox gözəl danışdı. Axı vaxtilə Zaur hətta cinayətkarı zərərsizləşdirib və buna görə yerli polis bölməsi tərəfindən ona təşəkkür edilib", - Kifayət Vəliyeva bildirib.

Onun sözlərinə görə, onların iştirakı ilə olan proqram efirə aprelin 14-də çıxacaq.

Z.Vəliyevin anası oğlu ilə fəxr etdiyini vurğulayıb: "Oğlum daşınmaz əmlak üzrə makler kimi fəaliyyət göstərib. Nəvəm xəstədir, bu yaxınlarda əməliyyat edilib və bir böyrəyi bədənindən xaric edilib. Qızımın ailəsinin indi maddi yardıma ehtiyacı var və Zaur da onlara kömək edirdi. Həmin qara gündə oğlum məhz onlara pul köçürmək üçün metroya minmişdi. Bəlkə də böyük ürəyi olduğuna, belə xeyirxah işlərlə məşğul olduğuna görə həmin dəhşətli faciədə o sağ qalıb."
K.Vəliyeva Sankt-Peterburq Azərbaycan diasporunun faciədən sonra onlara hərtərəfli dəstək olduğunu söyləyib.

"Diaspor lideri Vaqif Məmişov və Azərbaycanın baş konsulu Sultan Qasımovun timsalında yerli azərbaycanlılar bizə çox yardım etdi. Onlar çox yaxşı insanlardır. Sultan Maqometoviç hələ də xəstəxanaya gəlib-gedir, həkimlərlə söhbətləşir, oğlumun vəziyyəti, zəruri dərman vasitələri və s. məsələlərlə maraqlanır", - yaralının anası bildirib.

Xatırladaq ki, bu il aprelin 3-də Sankt-Peterburq metrosunda partlayış baş verib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

scroll top