» » » Lapşinin ürəyində problem var imiş...

Lapşinin ürəyində problem var imiş...

Lapşinin ürəyində problem var imiş...

Bakıda həbsdə olan bloqer Aleksandr Lapşinin ürəyində problem olması barədə erməni saytlarının yazdıqları məlumatlar həqiqəti əks etdirmir.

Ucarliyiq.biz bildirir ki, bu barədə trend-ə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, o, A.Lapşinlə görüşüb və onun səhhətində hər hansısa problemin olması barədə məlumat almayıb: "Bu gün Lapşin Bakı Apellyasiya Məhkəməsinə gətirilmişdi və prosesdə də iştirak edib. Ürəyində problem olan, səhhəti normal olmayan adam necə məhkəməyə gətirilə bilər? O, mənə səhhətində hər hansısa problemin olması barədə məlumat verməyib".

Vəkil bildirib ki, A.Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında şəraitindən də narazı deyil: "Lapşin həftədə bir dəfə tibbi müayinədən keçirilir, səhhəti yoxlanılır, hər hansı müalicəyə ehtiyacı olsa, müalicə edilər. Erməni saytlarının niyə bu cür məlumatlar yayması da məlumdur".

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə A. Lapşinin Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Prosesdə A. Lapşin özü də iştirak edib.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə A.Lapşinin barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

scroll top