» » » İrəvan "İskəndər"ləri Moskvanın razılığı olmadan istifadə edə bilər

İrəvan "İskəndər"ləri Moskvanın razılığı olmadan istifadə edə bilər

İrəvan "İskəndər"ləri Moskvanın razılığı olmadan istifadə edə bilər

Rusiyadan alınmış "İskəndər" raketləri artıq Ermənistan ərazisində döyüş növbəsindədir.

Bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Moskvada "İnterfaks"a müsahibəsi zamanı bildirib.

"Uzunmüddətli perspektivdə yeni partiya silahların gətirilməsinə gəldikdə isə bu məsələ müzakirə rejimindədir",- deyə Vardan Toqanyan vurğulayıb.

Beləliklə, erməni tərəfinin "İskəndər" raketləri ilə bağlı bir neçə ildir ki, istifadə etdiyi blefə aydınlıq gətirildi - bu raketlər Ermənistan ərazisində və Ermənistan silahlı qüvvələrinin balansındadır.

Məsələnin belə olması əslində müəyyən qədər Azərbaycanın xeyrinədir. Çünki indiyə kimi ermənilər iddia edirdilər ki, "İskəndər" raketləri Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindədir. Yəni həmin raketlərdən atəş açılsaydı Ermənistan məsuliyyətdən yaxasını kənara çəkməyə çalışa bilərdi və iddia edə bilərdi ki, işğal rejimi o silahı özü əldə edib. Amma indi atəşin açıldığı yerdən asılı olmayaraq məsuliyyət Ermənistan ordusunun boynuna düşəcək.

Vardan Toqanyanın verdiyi başqa bir bəyanat isə Moskvanı da bu məsələ ilə bağlı məsuliyyətdən xilas edir. Onun sözlərinə görə, Ermənistan bu silahdan istifadə üçün Moskvadan icazə almayacaq. Yəni heç bir ikili məsuliyyətdən söhbət getmir. Əslində, bu da hücum anında Azərbaycan üçün çox əlverişli mövqe vəd edir. Yəni Ermənistan Azərbaycanın hansısa bir obyektinə raket atarsa, Azərbaycan məslə ilə bağlı Moskvanın hər hansı bir izahını gözləmədən qat-qat artıq cavab atəşi endirə bilər.

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində Azərbaycanın cavabının qat-qat dağıdıcı ola biləcəyini vurğulamışdı. Üzeyir Cəfərovun sözlərinə görə, Mingəçeviri və Gəncəni vurmağa risk etmək Ermənistan üçün intihar addımı ola bilər:

"Bircə risk edib düyməni bassınlar. Azərbaycanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bütün Ermənistanı yerlə yeksan etməyə qadirdir. Əgər Ermənistan belə bir addım atarsa, Azərbaycan heç nəyə baxmayacaq və Ermənistanı yerlə yeksan edəcək. Atalar demişkən, ölmək-ölməkdir, xırıldamaq nə deməkdir".

Oxşar fikir dolayısı ilə olsa da erməni general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) "Lragir"ə verdiyi müsahibəsində vurğulanır. Jurnalistin Ermənistan birinci atəş açaraq Azərbaycanı iflic hala sala biləcəyi sualına Arkadi Ter-Tadevosyan belə cavab verib: "Yox, bu, intihardır. Əgər biz atəş açsaq onlar cavab verəcəklər. Düşünürəm ki, iş buna getməz".

Yəni Ermənistanın "İskəndər"lərindən qoxmağa dəyməz. Əgər Ermənistan bu silahdan atəş açmağa çalışsa, Azərbaycan həm Qarabağda antiterror əməliyyatları aparmağa, həm də Ermənistana qarşı kütləvi raket zərbələri endirməyə şans qazanar.

mənbə: istipress

scroll top