» » » Yaş yarımlıq Əli 6-cı mərtəbədən düşdü, burnu belə qanamadı - FOTO

Yaş yarımlıq Əli 6-cı mərtəbədən düşdü, burnu belə qanamadı - FOTO

"Günortaydı. Yanımda oturmuşdu. Mənə əl edib otaqdan çıxdı. Bir dəqiqə keçmədi, tappıltı gəldi. Elə bildim, "duxovka"nın üstündən hoppandı. Qaçdım eyvana, gördüm, yoxdu. Hamama baxdım, orda da yoxuydu. Birdən gözüm mətbəxə sataşdı. Pəncərə açıq idi. Qarşısında da stul vardı...".
ucarliyiq.biz lent.az-a istinadən xəbər verir ki, bu sözləri ürək ağrısı ilə Əlinin anası danışır. Əli iki gün əvvəl altıncı mərtəbədən yıxılıb, ancaq xoşbəxtlikdən yaş yarımlıq uşağın burnu belə qanamayıb. Hadisə ötən şənbə Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib.  Ayaqları üstündə durmağı yeni-yeni öyrənən Əli bir göz qırpımında oturacağı pəncərənin önünə çəkib, əvvəl oturacağa, sonra da pəncərənin qarşısındakı stola çıxıb. Ordan da...
Ailəni bu gün ziyarət etdik. Qapını atası Sadiq Hüseynov açdı. Gəliş səbəbimizi izah edirdik ki, atasının ayaqlarının arasından Əli göründü. Möcüzəli şəkildə 20 metr yüksəklikdən düşüb sağ qalmış möcüzə uşaq.
Anası danışır ki, Əlinin dünyaya gəlişi də möcüzə olub. Hələ ana bətnində olarkən həkimlər hamiləliyin normal olmadığını, dərhal sonlandırılmalı olduğunu söyləyir. Lakin gənc qadın buna qəti etiraz edir. Ananı razı sala bilməyincə, həkimlər Sadiqlə danışır. Ata da eyni cavabı verincə, ananın dilindən arayış alırlar ki, doğuşda hər hansı bir faciə yaşanarsa, həkimlər məsuliyyət daşımır. Həmin arayışı yazandan bir neçə ay sonra möcüzə baş verir. Tibb elmində nadir görülən möcüzə. Və Əli sağ-salamat dünyaya gəlir. Gəlişiylə həkimləri də təəccübləndirir. Ailənin Əlidən başqa daha 3 övladı davar. 11 yaşlı Razi, 9 yaşlı Şamama və 6 yaşlı Mehdi.
Anası deyir, Allah Əlini ikinci dəfə onlara bəxş edib. Hadisəni isə  yuxu kimi xatırlayır.
- Mətbəxin pəncərəsini heç vaxt açmazdım. Nəsə həmin gün açdım. Bilmirəm niyə?! Bəlkə də pəncərənin ilk dəfə açıq olması onun diqqətini cəlb etmişdi. Amma qarşısına stol qoydum ki, uşaq yaxın gəlməsin. Ağlıma da gəlməzdi ki, bu çəlimsiz uşaq ağır stulu çəkib üstünə çıxa bilər. Adətən nəsə edəndə gülər, səs edərdi. Mən də dərhal qarşısını alardım. Bu dəfə səssiz edib. Stulu qaldırması mümkün deyil. Maksimum sürütləyə bilər. Nə əcəbsə döşəmədə sürünən zaman stulun səsi gəlməyib. Otaqda televizor da işləmirdi. Sakitlik idi. Mətbəxə keçənə qədər divanda oturub oynayırdıq ana-bala. O səs...  (Əli pəncərədən düşərkən əvvəl alt qonşunun pəncərəsinin dəmirinə dəyib. O səsi nəzərdə tutur)
Səsi titrəyir.
- O gün eyvanda paltar sərirdim. Bir anlıq yuxarıdan aşağı baxdım və düşündüm ki, uşaqların biri burdan düşsə, mən nə edərəm?! Sonra Allaha çoxlu dua etdim. Yalvardım ki, balalarımı qorusun.
Allah bu dəfə də onun səsini eşidir. Əlinin pəncərədən yıxıldığı vaxt ikinci mərtəbədəki qonşu sərgiyə adyal sərir. Adyalın kənarı yerə dəyməsin deyə hər iki ucunu ipə bağlayır. Bir neçə dəqiqə sonra altıncı mərtəbədən düşəcək Əli üçün sanki beşik hazırlayır. Qonşu deyir, elə ki, üzümü çevirdim, gördüm, göydən nəsə qaraltı düşdü. Əvvəl elə bilib, binanın damından pişik düşüb. Adyal uşağın ağırlığından birinci mərtəbəyə düşür. Adyalı götürmək üçün aşağı düşən qonşu içində nəyinsə tərpəndiyini görür. "Pişiyi" azad etmək üçün adyalı açarkən əvvəl uşağın əlini görür. Qorxu və təşviş içində adyalı aralayır. Deyir, uşaq adyala elə bürünmüşdü ki, sanki kimsə bələmişdi.
Əlini qucağına sıxıb davam edir.
- Düşündüm, bitdi, uşaq yerə düşdü və öldü. Hicabı taxıb aşağı düşdüm. Aşağı düşərkən dayımın yoldaşını düşündüm. Bir neçə il əvvəl 19 yaşında dayım oğlu işlədiyi binanın 17-ci mərtəbəsindən düşüb ölmüşdü. Dayım arvadının nələr çəkdiyini bir anlıq hiss etdim. Düşündükcə ürəyim sıxılırdı. Aşağı çatanda Əli qonşunun qucağında idi. Heç yerində qan yoxuydu. Amma gözləri yumulu idi. Öldüyünü düşündüm.
Həmin an ürəyi gedir. Ayılanda görür, Əli yoxdu.









scroll top