» » » Zaur Svanadze: "Neftçi" bizim üçün münasib rəqib deyil”

Zaur Svanadze: "Neftçi" bizim üçün münasib rəqib deyil”

Zaur Svanadze: "Neftçi" bizim üçün münasib rəqib deyil”
"Əvvəla, “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə komanda yaxşı təsir bağışladı. İlk hissədə ərazi üstünlüyü “Neftçi”də idi. Ancaq təhlükəli vəziyyət yaratmadılar. İkinci hissədə üstünlük bizdə idi. Ancaq bəxtimiz gətirmədi. Ən azı heç-heçəyə layiq idik. Bu komandaya cari mövsümdə 3 dəfə uduzmuşuq. Bizim üçün münasib rəqib deyil. Ancaq edəcək heç nə yoxdur".

ucarliyiq.biz-in məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra gürcü mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

Bugünkü məğlubiyyətə görə özünüzdə səhv görürsünüz?

- Məğlubiyyəti sadəcə, bəxtsizliklə əlaqələndirərdim.

“İnter” elə təsir bağışlayırdı ki, sanki hücum üzərində məşq etməyib...

- Taktiki baxımdan hər şey qaydasındadır. Son iki ildə bu cür taktika ilə oynayırıq. Oyunçular nəyi necə etməli olduqlarını bilirlər. Sadəcə, bəzi texniki səhvlər oldu. Həm də ehtiyat oyunçular skamyamız kasaddır.

Səlahət Ağayevin yeri görünür?

- Səlahət Ağayev yaxşı qapıçıdır. O, komanda üçün əsas oyunçulardan biridir. Ancaq bu gün Səlahət də qol buraxa bilərdi.

Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçəndə klublar arasında belə anlaşma oldu ki, bu futbolçu “Qarabağ”a qarşı oynamayacaq. Bəs Ruslan Abışovun keçidi zamanı belə anlaşma olmamışdı?

- Ruslanın keçidi Türkiyədə olduğumuz zaman həll olundu. Belə razılaşma olmayıb. Onun komandadan getməsinə görə təəssüflənirəm.

Vaxtilə “Neftçi”yə qarşı oynamısınız. Sizcə, hazırkı “Neftçi”də o vaxtkı ilə müqayisədə hansı çatışmazlıq var?

- “Neftçi”yə qarşı oyunlar həmişə çətin olub. “Dinamo”da oynadığım zaman bu komanda ilə qarşılaşmada müdafiəçimiz səhvə yol vermişdi. Bunun nəticəsində “Neftçi” qalib gəlmişdi. Tbilisiyə gedəndə gördüm ki, bütün qəzetlər qolun mənim səhvimdən vurulduğunu yazır. O ki qaldı indiki “Neftçi” ilə müqayisəyə, bu “Neftçi” yeni komandadır. Vaxt keçdikcə daha yaxşı olacaq.

scroll top