» » » "Formula-1" üzrə Azərbaycan Qran-prisinə 48 ölkədən bilet alınıb

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə 48 ölkədən bilet alınıb

"Formula-1" üzrə Azərbaycan Qran-prisini izləmək üçün Azneft dairəsinin qarşısında yerləşən Filarmoniya tribunasında bütün yerlər satılıb.

Bu barədə “Report”a yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bunu Azərbaycan Qran-prisinə yaxınlaşdıqca yarışa marağın artması ilə izah edib. O, biletlərin satışında qısa müddət ərzində yüksək artım gözlədiklərini söyləyib: “Yarışa 75 günün qaldığı ərəfədə tribunaların birində bütün biletlərin satılması çox sevindirici haldır. Bu, yarışa həm xaricdən, həm də ölkə daxilindən böyük marağın olduğunu göstərir. Yaxın günlərdə yarış həftəsonu axşamlarında iştirak edəcək dünya ulduzlarının adlarını açıqlayacağıq. Bundan başqa, ötən həftədən etibarən 2-16 yaş qrupunda olan azyaşlı tamaşaçılar üçün dördgünlük endirimli biletlərin satışına başlamışıq. Nəticədə biletlərin satışında qısa müddət ərzində yüksək artım gözləyirik”.

23 - 25 iyudan keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində tamaşaçılar üçün müxtəlif biletlər, o cümlədən, bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin ümumi qiyməti tribunadan asılı olaraq 250 - 690 manat arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan dördgünlük biletlər 175 - 480 manat təşkil edir.

Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran-prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı, cümə axşamı baş tutacaq Pit Yolu gəzintisində və həmçinin, yarış həftəsonu ərzində dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında da iştirak edə biləcəklər.

İndiyədək Azərbaycan da daxil olmaqla Bakıda keçirilən növbəti "Formula-1" yarışına ümumilikdə 48 ölkədən bilet alınıb. Satılan biletlərin 34 %-i Azərbaycanın payına düşür. Qalan 66 %-lik hissə isə xaricdən alınıb. İlk “onluğ”a daxil olan ölkələr bunlardır: Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxstan, ABŞ və Almaniya.

Satılan biletlərdə fərdi müştərilərlə yanaşı, korporativ müştərilər də böyük paya sahibdirlər.

Qeyd edək ki, azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran-prisini tribuna və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir və ayaqüstü zonalar da azı 10 min tamaşaçını qəbul edə biləcək genişlikdədir.

Interesting facts scroll top