» » » DMX İslam Həmrəyliyi Oyunlarının və "Formula-1" yarışının yüksək səviyyədə təşkili üçün tədbirlər görür

DMX İslam Həmrəyliyi Oyunlarının və "Formula-1" yarışının yüksək səviyyədə təşkili üçün tədbirlər görür

IV islam Həmrəyliyi Oyunları və "Formula-1" Azərbaycan Qran-pri yarışı ilə bağlı Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar vaxtında və yüksək keyfiyyətlə icra edilir.

Xidmətdən ucarliyiq.biza verilən məlumata görə, Prezident İlham Əliyev bu il martın 2-də “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” və “2017 "Formula-1" Azərbaycan Qran-pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncamlar imzalayıb.

“IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncama əsasən müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və gedə bilərlər.

Həmçinin sənədə uyğun olaraq IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı respublikanın ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması da tələb olunmur.

"Formula-1" yarışı ilə əlaqədar Azərbaycana gələn və "Formula-1" yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd və yaxud Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə 2017-ci il mayın 15-dən iyulun 15-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hər iki yarışla bağlı respublikaya gəlməsi qaydalarının, eləcə də viza prosedurlarının sadələşdirilmələri barədə ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat vermək adı çəkilən sərəncamlarla Dövlət Miqrasiya Xidmətinə tapşırılıb.

Qeyd edilən məsələlərlə əlaqədar DMX tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib. Belə ki, DMX-nin aparatında ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətləri nümayəndələri ilə görüş keçirilib. Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev hər ikitədbirin əhəmiyyətini diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikaya gəlməsi qaydalarının və "Formula-1" yarışı ilə bağlı viza prosedurlarının sadələşdirilməsinə dair izahedici söhbət aparılıb və onlara məlumatlandırma xarakterli müvafiq məktublar təqdim olunub.

Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatına və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına məlumatlandırma xarakterli məktublar hazırlanaraq göndərilib və onlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb.

Yarışların yüksək səviyyədə keçirilməsi üçün DMX-nin səlahiyyətinə aid olan məsələlərə dair digər müvafiq işlər uğurla yerinə yetirilir.

scroll top