» » » Samir Abasov: “Qarabağ” və “Qəbələ”nin "Sumqayıt"a qarşı ikinci heyətlə çıxış edəcəklərini düşünmürəm” - MÜSAHİBƏ

Samir Abasov: “Qarabağ” və “Qəbələ”nin "Sumqayıt"a qarşı ikinci heyətlə çıxış edəcəklərini düşünmürəm” - MÜSAHİBƏ

Samir Abasov: “Qarabağ” və “Qəbələ”nin "Sumqayıt"a qarşı ikinci heyətlə çıxış edəcəklərini düşünmürəm” - MÜSAHİBƏ
“Sumqayıt” futbol komandasının baş məşqçisi Samir Abasovun “Report”a müsahibəsi

- Aprelin 15-də Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində “Zirə”ni qəbul edəcəksiniz. Bu görüşü “Sumqayıt” üçün mövsümün ən vacib oyunu adlandırmaq olar?

- Bütün oyunlar vacibdir. “Zirə”ni udub, o birisinə uduzsan, mənası qalmır. Lakin intriqanı saxlamaq baxımından stimullu bir görüşdür. Şənbə günü qalib gəlməliyik ki, 4-cü yerə iddiamızı saxlayaq.

- XXI turda “Qarabağ”a 0:4 hesabı ilə uduzduqdan sonra avrokubok barədə düşünməyin sizin üçün tez olduğunu söyləmişdiniz. Artıq fikrinizi dəyişmisiniz?

- Siz dediyiniz vaxtdan xeyli müddət keçib. Oyunlar elə gətirdi ki, hazırda 4 komandanın – “Zirə”, “Kəpəz”, “Neftçi” və “Sumqayıt”ın Avropa Liqasına vəsiqə verən 4-cü yeri tutma şansı var. Lakin bizim çox çətin 3 oyunumuz qalıb. “Zirə”dən sonra “Qarabağ” və “Qəbələ” ilə qarşılaşacağıq. Son tura qədər mübarizə gedəcək.

- Sizcə, qeyd etdiyiniz “4-lük”dən hansı komanda daha şanslıdır?

- Dördünün də şansı eynidir. Avropa Liqasına növbəti 3 oyunu udan komanda gedəcək.

- Amma rəqiblərinizin xal itirmə şansı var. Məsələn, yəqin ki, növbəti turda “Kəpəz”in qonağı olacaq “Qəbələ”yə azarkeşlik edəcəksiniz...

- Həmin gün özümüz də oynayırıq. İki komandaya azarkeşlik etməyə gücümüz çatmaz (gülür - Ş.Q.). Öz oyunumuza baxacağıq. Düzdür, Gəncədə nə baş verəcəyinin marağındayıq. Ancaq telefonda “yatmaq", həmin oyunu izləmək üçün adam ayırmaq fikrimiz yoxdur.

- Qarşıda çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ” ilə oyunlarımızın olduğunu qeyd etdiniz. Lakin Ağdam klubunun növbəti turda çempionluğu rəsmiləşdirmək ehtimalı çox böyükdür. Bu isə o deməkdir ki, “Sumqayıt”la görüş hər iki kollektiv üçün formal xarakter daşıya bilər...

- Sizi inandırıram, elə bir şey olmayacaq. Buna əmin olun. Bu cür hallarla daha öncə də rastlaşmışıq. Çempionluğu rəsmiləşdirən, I diviziona düşən komandalar elə motivasiya və heyətlə oynayıblar ki... Belə söhbətlərə inanmıram. Mükafatçılar bəlli olandan sonra onların 2-ci heyətlə çıxış edəcəklərini düşünmürəm.

- Yəni, “Qarabağ”ın növbəti turda “İnter”lə görüşdə çempionluğu rəsmiləşdirməsi sizin işinizi asanlaşdırmayacaq?

- Xeyr, qətiyyən! Əvvəlkindən də çətin olacaq.

- Avrokuboka vəsiqə qazanacağınız halda, tarixə düşməyinizi necə qeyd edəcəksiniz?

- Açığı, bu barədə düşünmürəm. Mövsüm bitəndən sonra məni klubda saxlayıb-saxlamayacaqlarını, heyətin necə olacağını bilmirəm. Yəni, hazırda bu günü düşünürəm.

- “Zirə” ilə oyun ərəfəsində heyətlə bağlı problem var?

- Cəzalımız və yeni zədələnən futbolçumuz yoxdur.

Interesting facts scroll top