» » » Azərbaycan Voleybol Federasiyasında İslamiadaya hazırlığa həsr olunmuş toplantı keçirilib

Azərbaycan Voleybol Federasiyasında İslamiadaya hazırlığa həsr olunmuş toplantı keçirilib

Qax. 14 aprel. Bu gün Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, qadın və kişilərdən ibarət milli komandalarla, eləcə də hakimlərlə və federasiya əməkdaşları ilə görüş keçirib.

Qurumun mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, görüşdə qurumun I vitse-prezidenti Faiq Qarayev rəhbərlikdəki dəyişikliklərdən sonra qısa müddət ərzində böyük işlərin görüldüyünü bildirib. O, kişilər arasında ölkə çempionatının final oyunlarının Naxçıvanda keçirildiyini, qadınların mübarizəsinin isə təntənəli şəkildə başa çatdığını bildirib. F.Qarayev qarşıda federasiyanı daha böyük yarışların gözlədiyini vurğulayıb: "Bu işlərin həyata keçməsi üçün də Cavid Qurbanov əlindən gələn köməyi edir. Üzərimizə düşən iş isə yarışlara yaxşı hazırlaşmaq və qələbələr qazanmaqdır".

Qadınlardan ibarət millinin meneceri Oksan Kurt heyətə ilk dəfə xeyli gənc voleybolçunun dəvət olunduğunu bildirərək, aprelin 15-dən əsas millinin Sloveniyaya, ikinci yığmanın isə Qubaya təlim-məşq toplantısına yola düşəcəyini xatırladıb.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Fərid Cəlalov isə iki gündən sonra İsrailə toplanışa yola düşəcəklərini açıqlayıb. O, hazırlıq prosesi çərçivəsində 9 yoldaşlıq görüşü keçirəcəklərini bildirib: "Bu gün əsas məqsədimiz İslam Həmrəylik Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir".

Tədbir zamanı Avropa çempionatına hazırlıq, Göygöl Olimpiya Kompleksində, Milli Gimnastika Arenasında görülən işlərdən, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan, çimərlik voleybolundakı vəziyyətdən danışılıb.

İslamiadada Azərbaycanı 7 hakimin təmsil edəcəyi vurğulanıb.

Tədbirə yekun vuran C.Qurbanov daha yüksək nailiyyətlərin əldə olunması istiqamətində tövsiyə və tapşırıqlarını verib: "Siz idmançılar çalışmalısınız ki, yüksək nəaliyyətlər qazanasınız. Avropa, dünya və olimpiya çempionu, bir sözlə, iştirak etdiyiniz yarışlarda qalib olasınız. Biz isə sizin bütün problemlərinizi həll etməyə hazırıq. Bu il böyük uğurlara imza atmaq üçün əla şanslarımız var".

scroll top