» » » Vladimir Kramnik: "Vüqar Həşimovun Azərbaycan millisində yeri görünür" - MÜSAHİBƏ

Vladimir Kramnik: "Vüqar Həşimovun Azərbaycan millisində yeri görünür" - MÜSAHİBƏ

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə keçiriləcək şahmat turnirinin iştirakçısı, rusiyalı dünya çempionu Vladimir Kramnik yarışın rəsmi saytının suallarını cavablandırıb. ucarliyiq.biz həmin müsahibəni təqdim edir...

- IV Vüqar Həşimov Memorialında sizi görmək çox xoş olacaq. Hansı təəssüratlarla Şəmkirə qayıdacaqsınız?

- İlk olaraq dəvətə görə turnirin Təşkilat Komitəsinə təşəkkür edirəm. İki il əvvəl Şəmkirdən böyük təəssüratlarla ayrılmışam. Adətən, böyük şəhərlərdə keçirilən yarışlarda iştirak etməyi o qədər xoşlamıram. Şəmkir balaca və sakit şəhərdir. İnsanları çox qonaqpərvərdir. Orada keçirilən yarışlarda bütün diqqətini oyuna yönəldirsən. Şahmat oynamaq üçün iştirakçılara ideal şərait yaradılır. "ShamkirChess 2017"də yüksək hədəflər uğrunda mübarizə aparmağı planlaşdırıram.

- Deməli, Vladimir Kramnik Şəmkirdə yalnız qələbə uğrunda mübarizə aparacaq...

- İştirak etdiyim bütün yarışlarda yüksək yerlər uğrunda mübarizə aparıram. 2015-ci ildə Şəmkirdə bütün oyunlar istədiyim kimi olmadı. İstirahət gününə qədər bəzi partiyalarda yaxşı nəticə qazanmadım. Bununla belə, bu dəfə yarışı birinci pillədə başa vurmaq üçün əlimdən gələni edəcəyəm. İlk pillədən başqa digər nəticəyə o qədər də sevinə bilmərəm.

- Şəmkir turnirindəki rəqibləriniz barədə nə deyə bilərsiniz?

- Həmişə olduğu kimi, Şəmkirdə zəif şahmatçı olmayacaq. Deməli, hər oyunda güclü mübarizə gözlənilir. Reytinq favoriti Uesli So son aylar kifayət qədər yaxşı oyun nümayiş etdirir. Rusiya yığmasında komanda yoldaşım Sergey Karyakini qeyd etməliyəm. Eyni zamanda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovu unutmaq olmaz. Onlar güclü və iddialı rəqiblərdir. Mənim üçün Şəmkir turniri 2017-ci ildə klassik şahmatda ilk yarış olacaq. Ona görə rahat oyunlar gözləmirəm.

- 2016-cı ildə Şəhriyar Məmmədyarovun Şəmkirdəki qələbəsi sizin üçün gözlənilməz oldu?

- Gözlənilməz olmadı. Məmmədyarov yüksək kateqoriyalı şahmatçıdır. Son turları çox yaxşı oynadı. Sanki qələbə ruhunu hiss edirdi. Ümumiyyətlə, onun özünəməxsus oyun tərzi var. Şəhriyar öz oyununu göstərəndə onu dayandırmaq çətindir. Rəqibi səhv etməyə məcbur edir. Builki turnirdə də əsas rəqiblərdən bir olacaq. Fikrimcə, Şəhriyar növbəti dəfə Şəmkirdən qalib kimi ayrılmağa çalışacaq.

- "ShamkirChess 2017"də qələbəyə namizədlərdən biri də Siz olacaqsınız. Reytinqcə turnirin ikinci şahmatçısı olmaq məsuliyyəti artırır?

- İnanın, şahmatda reytinq çox vaxt heç nəyi həll etmir. 9 turdan ibarət yarışın sonunda reytinq favoriti cədvəldə aşağı pillədə qərarlaşa bilər və ya əksinə. Reytinqdən çox şahmatçının göstərəcəyi oyun vacibdir. Sözsüz ki, qələbəyə əsas namizədlərdən biri olmağım məsuliyyəti artırır. Ötənilkindən daha yaxşı çıxış etməyə çalışacağam.

- Turnir Vüqar Həşimovun xatirəsinə keçirilir. Azərbaycan şahmatçısını necə xatırlayırsınız?

- Əvvəlcə təşkilatçılara Vüqar Həşimovun xatirəsinə layiqli turnir keçirdikləri üçün təşəkkür edirəm. Vüqarla tez-tez müxtəlif turnirlərdə qarşılaşırdıq. Daha çox sürətli şahmatda rəqib olmuşuq. Çox pozitiv, gülərüz insan kimi xatırlayıram. Şəmkir turniri həm də Vüqarın dostlarını birləşdirir. Onun yoxluğu təkcə Azərbaycan deyil, dünya şahmatı üçün itkidir. Gənc olmasına baxmayaraq, çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. Vüqarın bu gün bizimlə olmaması ən çox Azərbaycan millisində hiss olunur. Həşimovla yığma komandanız daha güclü idi. Bu gün Vüqarın Azərbaycan millisində yeri görünür.

scroll top