» » » "İnter"in baş məşqçisi: “Kim deyir ki, "Qəbələ"ni keçmək istəmirik?” - MÜSAHİBƏ

"İnter"in baş məşqçisi: “Kim deyir ki, "Qəbələ"ni keçmək istəmirik?” - MÜSAHİBƏ

Bakının “İnter” futbol komandasının gürcüstanlı baş məşqçisi Zaur Svanadzenin “Report”a müsahibəsi...

- “İnter” Azərbaycan Premyer Liqasının ötən turunda “Zirə” ilə bərabərə qalmaqla bürünc medalları təmin etdi. "Qarabağ"la oyun ərəfəsində futbolçularınız arxayınlaşmayıblar?

- Xeyr, arxayınlaşmaqdan söhbət gedə bilməz. Hər şey öz axarı ilə gedir. Bürünc medalları təmin etdiyimiz üçün sevinirik. Lakin çempionat hələ bitməyib. Qarşıda 3 oyunumuz var. Bizi aprelin 16-da "Qarabağ"la maraqlı oyun gözləyir.

- Belə təəssürat yaranır ki, “İnter” bürünc medalla qane olub və “Qəbələ”ni keçməyi düşünmür...

- Bunu kim söyləyir? Kənardan niyə belə göründüyünü bilmirəm. Ancaq bilin ki, hər şey əksinədir. Bürünc medalları təmin etməklə kifayətlənmək fikrimiz yoxdur. Məqsəd “Qəbələ”ni keçməkdir. Bunu bacarıb-baracmayacağımızı zaman göstərəcək.

- “İnter”in çempion olmasına hansı amil daha çox əngəl törətdi: Maddi problemlər, yoxsa UEFA-nın tətbiq etdiyi transfer qadağası?

- Hər ikisi. Yayda tam istədiyimiz heyəti qura bilmədik, sonra isə maddi problemlər üzə çıxdı. Hər şeyə real baxmaq lazımdır. “Qarabağ” və “Qəbələ”nin çempionluq imkanları daha böyük idi. Hər şeyə rəğmən, biz də əlimizdən gələni etdik.

- Çempionuğa “Qarabağ” daha çox layiqdir, yoxsa “Qəbələ”?

- Çətin sualdır, hər ikisi bunun üçün layiqli mübarizə aparır. Lakin Ağdam klubunun titulunu qorumaq şansı daha çoxdur.

- “Qarabağ”ın cari mövsümdə məğlub etmədiyi bir komanda var – “İnter”. Bunun sirri nədədir?

- Səbəb bizim də yaxşı komanda olmağımızdır. Futbolçularımız “Qarabağ” və “Qəbələ” ilə görüşlərdə daha çox istəkli olurdular. Onlardan zəif olmadıqlarını göstərməyə çalışırdılar.

- Klubun gələcək taleyi ilə bağlı yenilik var?

- Hələlik heç bir şey yoxdur, gözləyirik. Mövsüm bitsin, görək, necə olacaq.

- “İnter”də qalmaq istəyirsiniz, yoxsa daha sərfəli təkliflər var?

- Vəziyyət düzəlsə, əlbəttə, qalmaq istəyirəm. Avropa Liqasına vəsiqə qazanmışıq, işimizi davam etdirmək istəyirik.

Interesting facts scroll top