» » » Rəşad Sadıqov: “İnter”lə prinsipimiz var idi, üç oyundur məğlub edə bilmirdik"

Rəşad Sadıqov: “İnter”lə prinsipimiz var idi, üç oyundur məğlub edə bilmirdik"

“İnter” komandası ilə idman prinsipimiz var idi, 3 oyundur məğlub edə bilmirdik. Həm gözəl qələbə qazandıq, həm də çempion olduq. “İnter” də öz komandamızdır, bu il çətinliklər yaşadılar. Onlardan intiqam almaq fikrimiz yoxdur".

ucarliyiq.biz xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın XXVI turunda “İnter” üzərində qələbədən (3:0) və Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirməsindən sonra deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Çempionluqla bağlı təəssüratlarınızı bilmək istərdik.

- Çempionluq şirin olur. Çox sevindirici haldır, bunun üçün əziyyət çəkirdik. Düzdür, bu il bir az çətin oldu. “Qəbələ” də layiqli mübarizə apardı. Hər iki komanda qızıl medallara layiq idi.

“Qəbələ”nin bu gün “Kəpəz”ə məğlub olacağını gözləyirdiniz?

- Bu haqda düşünmürdük və bunu gözləmirdik. “Qəbələ”nin uduzduğunu oyundan qabaq paltardəyişmə otağında bildik. Bu da bizim üçün motivasiya oldu. Başa düşürdük ki, qələbə qazansaq çempionuq.

“Qarabağ” ardıcıl 4 mövsümdür çempion olur. Hansı daha şirindir?

- Hər birinin öz yeri var. Bu çempionat psixoloji baxımdan bir az ağır keçdi. Çempionatın qırılma nöqtəsi “Qəbələ”nin bizdən 6 xal irəlidə olduğu halda ardıcıl 3 heç-heçə etməsi oldu. Açığı, həmin dövrə çempionluğun çətin olacağını düşünmüşdük. Sona iki tur qalmış çempion olacağımız ağlıma gəlməzdi.

Azərbaycan Kubokunun finalında oynamaq üçün qarşıdakı turlarda istirahət etməyi düşünürsünüz?

- Finala hazırlaşmalıyıq. Ona görə də istirahət alınmayacaq.

Məqsəd “qızıl dubl”dur?

- Heç vaxt qarşımıza belə məqsəd qoyulmayıb. Həmişə məqsəd daha yaxşı oynamaq və irəli getməkdir. Finaldır, “Qəbələ” kimi rəqiblə qarşılaşacağıq. Əsas hədəf çempionluq idi. Bildirdik ki, Çempionlar Liqasına vəsiqəni çempionluq verir. Kuboku da qazansaq, yaxşı olar.

Çempionlar Liqasında qrupa düşmək barədə düşünürsünüz?

- Hələ yox. Qarşıda kubokun finalı var.

Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Kəpəz” “Qəbələ”ni məğlub etməklə sizə kömək etdi. Qarşıdakı turlar da siz də onlara dəstək olmağı düşünmürsünüz ki?

- Hazırda 4 komandanın Avropa Liqasına düşmək şansı var. “Qarabağ”ın kiməsə kömək, yardım etmək niyyəti olacağına inanmıram. Öz oyunumuzu oynayacağıq. Bu matçlar olmasaydı, istirahət etmək imkanımız olardı.

scroll top